“Dini radikalizmə qarşı mübarizə tədbirləri” mövzusunda seminar-treninq keçirilmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Vəndam qəsəbəsində “Dini radikalizmə qarşı mübarizə tədbirləri” mövzusunda seminar-treninq keçirilmişdir. Seminarda aidiyyəti dövlət qurumlarının və Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri, dini icma sədrləri, din xadimləri, həmçinin ictimaiyyət fəalları iştirak etmişlər. Seminarı Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov açmışdır. Bildirilmişdir ki, respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli mənəvi dəyərlərimizin qorunmasına, tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılmış, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunmuş, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyat keçirilmişdir. Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ aktlar bütövlükdə əqidə azadlığını təmin edir və yarana biləcək problemləri həll etmək, dövlət din münasibətlərini qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır. Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov seminarda mözuya dair mühazirə oxumuşdur. Qeyd etmişdir ki, mütərəqqi və sivil dəyərlərə əsaslanan qanunvericilik bazamız ölkəmizdə vətəndaşın istədiyi dinə sitayiş etməsinə imkan verir . Lakin xarici dövlətlərin dini missioner təşkilatları ölkəmizdə din pərdəsi adı altında küllü miqdarda vəsait xərcləməklə, maddi baxımdan az təminatlı insanları ələ alaraq, öz mürtəce niyyətlərini və əməllərini təmsil etdikləri dövlətlərin maraqları naminə həyata keçirməyə cəhd edə bilərlər. Bu və buna bənzər faktlar Azərbaycan respublikasının milli və dövlətçilik maraqlarına ziddir və belə halların qarşısı mütləq və qətiyyətlə alınmalıdır. Həm də unutmamalıyıq ki, hər bir dövlətin əsas funksiyası cəmiyyətdə baş verə biləcək dövlətçiliyimizə zidd halları əvvəlcədən görmək və onun qarşısını almaqdır. Bu baxımdan dövlətimiz kifayət qədər gücə və təcrübəyə malikdir. Təssüflə qeyd olunmalıdır ki, son zamanlar ölkəmizdəki tolerantlıqdan narahat olan əleyhidarlarımız müxtəlif vasitələrlə qeyri-ənənəvi radikal dini cərəyanları yaymağa cəhd edirlər.Bu kimi niyyətləri dövlətimiz və respublika ictimayyəti daim dəf edib. Baxmayaraq ki, etnik tərkibinin zənginliyinə görə respublikamız nadir ölkələrdəndir və bunlar nəzərə alınaraq hadisə və proseslərin dövlət səviyyəsində tənzimlənməsinə nəzarət mexanizmi yaradılmışdır. Bu mexanizm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər əlaqədar dövlət qurumları tərəfindən tənzimlənir. Odur ki, dini təbliğat adı ilə pərdələnərərk öz maraqlarını ideoloji müstəvidə gerçəkləşdirməyə çalışan qüvvələrə qarşı ən kəsərli mübarizə vasitəsi milli dəyərlərin qorunması və eləcədə bu sahədə Azərbaycan Respublikası adından həyat keçirilən tədbirlərin dəstəklənməsidir. Bu, bir tərəfdən dünyəvi dövlət prinsipləridir, digər tərəfdən milli-mənəvi dəyərlərimizin tərəqqisi ilə cəmiyyəti inkişaf etdirməkdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Namiq Talıbov seminarın keçirilməsində məqsədin dövlət-din münasibətlərinin daha səmərəli tənzimlənməsi, bu sahədə maarifləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıdığını bildirdi. Bu zərurətdən cəmiyyətdə dini ekstermizm hallarına, dini fanatizmə və dini radikalizmə qarşı mübarizə tədbirlərinin görülməsi, həmçinin dini etiqad azadlığının icra olunmasına dair qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində mühüm işlər görülür. Seminarda Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazisi Ceyhun Rüstəmov çıxış edərək ölkəmizdə dini etiqad azadlığının təmin olunmasına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini bildirmişdir. Bölgə qazisi ölkəmizdə digər sahələrdə olduğu kimi, bu sahədə də dövlət siyasətinin əsaslarının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırmış, ümummilli liderin bu sahəyə verdiyi istiqamətin Azərbaycanın yüz illər boyu dini və milli-mənəvi dəyərlər sahəsində olan ənənələrini müasir dünyanın tələbləri ilə bir nöqtəyə gətirdiyini demişdir. Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.