Ulu öndərin doğum günü ehtiramla qeyd olundu.
Mayın 10-da rayon sakinlərinin böyük izdihamı səhər tezdən Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd etmək üçün ulu öndərin Qəbələ şəhərində ucaldılan abidəsinin önünə toplaşmışdılar. Bayramsayağı bəzədilmiş parka toplaşan insanların hamısının çöhrəsində xalqımızın ümummilli lideri və böyük oğlu Heydər Əliyevlə bağlı qürur hissləri duyulurdu. Uzaqgörən siyasi xadim bu etimadı, ehtiramı və rəğbəti sağlığında ikən qazanmışdı.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi illərdə 2 dəfə Qəbələdə olmuş, onun hər gəlişi rayonumuzun sürətli inkişaf yoluna çıxmasına təkan vermişdir.
Qəbələnin tarixi şöhrətinin özünə qaytarılması, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilməsi, rayonun turizm potensialının üzə çıxarılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Vaxtilə respublikaının özündə belə yaxşı tanınmayan rayonumuz artıq beynəlxalq turizm təşkilatlarının böyük həvəslə üz tutduğu məkanlardan birinə çevrilmişdir.
İndi Qəbələ yüksək səviyyəli beynəlxalq və regional konfranslara, idman yarışlarına, musiqi festivallarına, rəsm sərgilərinə ev sahibliyi edir. Belə yüksək tədbirlərin keçirilməsi üçün artıq Qəbələdə müvafiq infrastruktur yaradılmışdır və bütün bunlar Heydər Əliyev siyasətinin bəhrələridir.
İnsan axını ilə dolmuş parkda saat 10-da ulu öndərin abidəsinin ziyarəti başlandı. Əvvəlcə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin önünə gül dəstəsi düzdü və ümumilli liderin əziz xatirəsinə öz dərin ehtiramını bildirdi. Sonra ayrı-ayrı idarə və müəssisələrin, təhsil ocaqlarının kollektivləri abidəni ziyarət etdilər.
Abidə önünə gələn yaşlı nəslin nümayəndələrinin, qadınların, gənclərin və yeniyetmələrin ardı-arası kəsilmirdi. Ulu öndərin doğum günü münasibətilə parkın mərkəzi meydanında möhtəşəm kitab bayramı da təşkil olunmuşdu. Tədbir iştirakçıları böyük maraqla yeni nəşrlər və Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş kitablarla tanış oldular. Məktəblilər ümummilli lideri tərənnüm edən şerlər oxudular.
Sonra şəhərin müxtəlif ərazilərində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ağacəkmə kampaniyası keçirildi.Təntənəli tədbir günün ikinci yarısınadək davam etdi.
Qəbələlilər bu əlamətdar gündə, bu bayram tədbirində fəal iştirakları ilə bir daha sübut etdilər ki, bundan sonra da ümummilli lider Heydər Əliyev siyasətinin həyata keçirilməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin, o cümlədən Qəbələnin inkişafı naminə qarşıya qoyduğu bütün vəzifənin yerinə yetirilməsində yaxından iştirak edəcəklər.