Məktəbli şagirdlər rayonun istehsal müəssisələri və turizm sektoru ilə yaxından tanış olmuşlar.
Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbin müəllim və birinci sinif şagirdlərindən ibarət kollektiv üzvləri ekskursiya məqsədi ilə rayonda fəaliyyət göstərən istehsal müəssisələri və bölgənin turizm sektoru ilə yaxından tanış olmuşlar.
Qəbələ “Gilan Qida Şəhərciyi” emalı müəssisəsindən başlayan ekskursiya çərçivəsində balaca fidanlar müəssisədə istehsal olunan “Chipsim” və “Kartofresh” adlı məhsullarının istehsal prosesini, həmçinin hazır məhsulların qablaşdırılması mərhələsini yaxından izləmişlər.
Daha sonra məktəblilər rayonda fəaliyyət göstərən “Beltman” piano fabrikinə gəlmişlər. Burada onlar istehsal olunan pianoların hazırlanması prosesi ilə yaxından tanış olan birincilər, piano musiqisi sədaları altında Ana vətən nəğməsi mahnısını xor şəklində ifa etmişlər.
İstehsal müəssisələrindən zəngin təəssüratlarla ayrılan balaca fidanlar rayonun dilbər guşəsində fəaliyyət göstərən otellər komplesi və Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksinə gələrək kanat xətti ilə dağların qoynuna səyahət etmişlər.
Hündürlük səviyyəsindən göz oxşayan füsünkar təbiəti, yamyaşıl meşələri və dağ çaylarının geniş mənzəsi birincilərin həyəcanına, sonsuz marağına səbəb olmuşdur.
Maraqlı və hafizələrdən silinməyən ekskursiyadan xoş təəsüratlarla ayrılan məktəbli şagirdlər istehsal müəssisələrinin və istirahət kompleksinin əməkdaşlarına onlara göstərilən səmimi və mehriban münasibətə görə öz təşəkkürlərini ifadə etmişlər.