Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışları başa çatıb.
Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları başa çatıb.
Yarışların sonuncu günü kişi və qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedə atəş açma yarışları keçirilib. İdmançılar yerə uzanaraq, dizi üstə və ayaq üstə dayanaraq tüfəngdən hədəfə atəş açıblar. Qadınlardan Çin atıcısı Menqyao Şi qızıl, Avstriya idmançısı Nadine Yungerbank gümüş, Danimarka təmsilçisi Stine Nelsen bürünc medal qazanıb.
Kişilərin yarışında isə Macarıstan idmançısı İstvan Peni birinci, Çin təmsilçisi Zichenq Hui ikinci, Polşa atıcısı Tomas Bartnik üçüncü yeri tutub. Qaliblərə mükafatları Beynəlxalq İdman Atıcılıq Federasiyasının nümayəndələri və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev təqdim edib.