“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib.
Azərbaycan İslam ölkəsidir və bizim mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininə dünyada bir milyarddan çox insan etiqad edir. Biz də bu dəyərləri qoruyan ölkələr sırasında olmaqla İslamı yad təsirlərdən qorumalıyıq.
Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qəbələ rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 22-də keçirilən “İslam
həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusundakı regional konfransda səsləndirilib. Tədbirdə bölgədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, dini işlər üzrə komissiyaların üzvləri, dini icma sədrləri, din xadimləri, imam və axundlar, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev maarifləndirmə məqsədilə keçirilən konfransın əhəmiyyətindən, Qəbələdəki dini durumdan danışıb, rayonda qeydiyyatdan keçən dini icmaların hamısına fəaliyyət göstərmələri üçün lazımi şərait yaradıldığını bildirib. Milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini bildirən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev dövlətin bu sahəyə qayğısını xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, dini-etiqad azadlığının təmin olunması, rayonda dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün lazımi tədbirlər həyata keçirilir.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, tədbirin əsas məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır. Komitə sədri ölkəmizdə dövlət-din münasibətləri ilə bağlı ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, hər kəsin dini etiqad azadlığının qorunduğunu bildirib.
Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırladıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Fəttah Heydərov ölkəmizdə hökm sürən etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma olduğunu qeyd edib.
Konfransda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Ceyhun Rüstəmov ölkəmizdəki dövlət-din münasibətlərindən, dövlətin dinə qayğısından danışaraq dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayıb. O, ənənəvi islam dəyərləri və çağdaş problemlərdən danışıb.
Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Azərbaycandakı teolerantlıq mühitindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasından, dövlətin dini konfessiyalara münasibət və qayğısından danışıb. O, çıxış edərək bildirib ki, Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qruplara, o cümlədən udilərə öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Konfransı rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdulayev yekunlaşdırıb.