Qəbələdə keçirilən Beynəlxalq yarışa və Ümumrespublika birinciliyinə yekun vurulmuşdur.
1 iyul 2017-cı il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş "Gənc xilasedici" V Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" VI Ümumrespublika birinciliyinə yekun vurulmuşdur. Yekun tədbirlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov və Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak etmişlər. Əvvəlcə, gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilmişdir. Sonra nazir Kəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ Konqres Mərkəzində “dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa”da çıxış edən nazir Kəmaləddin Heydərov bildirmişdir ki, keçirilən yarışlar gənclərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə və biliklərə yiyələnməsi baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu tədbirlər müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması vəmöhkəmlənməsinə şərait yaradır. Yarış iştirakçısı olan gənc əcnəbi xilasedicilər belə yüksək səviyyəli yarışlarda iştirakdan məmnunluq ifadə etmiş, tədbirin təşkilatçısı olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə minnətdarlıqlarını bildirmişlər. Nazir Kəmaləddin Heydərov “dəyirmi masa” iştirakçılarının suallarını da cavablandırmışdır. Sonra tədbir iştirakçıları əcnəbi və yerli məktəblilərin əl işlərindən təşkil olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” sərgisinə də tamaşa etmişlər. Tədbirdə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilmiş, bədii hissə təqdim olunmuşdur. Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınamışlar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Gürcüstan, üçüncü yeri isə Rusiya Federasiyası və Belarus komandaları tutmuşlar. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhər 220 nömrəli məktəbin, ikinci yerə Mingəçevir şəhər 13 nömrəli məktəbin, üçüncü yerə isə Sumqayıt şəhəri 9 nömrəli məktəbin komandaları layiq görülmüşlər. Nazirlər Kəmaləddin Heydərov, Mikayıl Cabbarov və Azad Rəhimov qalib komandalara mükafatlar, qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim etmişlər. Nazir Kəmaləddin Heydərov tədbirə yekun vuraraq bildirmişdir ki, gündən-günə inkişaf edən ölkəmizdə qurduğu güclü Azərbaycanla fəxr edən cənab Prezident İlham Əliyev və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan, müdrik dövlət başçısı ilə qürur duyan Azərbaycan xalqı var. O, Təhsil və Gənclər və İdman nazirliklərinin rəhbərliyinə də təşəkkürünü bildirmiş, qalibləri bir daha təbrik etmişdir.