Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə FHN əməkdaşlarının respublika çempionatı başa çatıb.

08 iyul 2017 | 16:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında beşnövçülük üzrə keçirilən respublika çempionatına yekun vurulub.
FHN-in İdman Sağlamlıq Klubunun və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində keçirilən yarışda nazirliyinin müxtəlif qurumlarını təmsil edən 16 komandanın tərkibində 80 idmançı iştirak edib.
İdmançılar iyulun 4-dən 7-dək davam edən yarışların maneələr zolağı, turnikdə güc çalışmaları, atıcılıq, üzgüçülük və dağa dırmanma mərhələləri üzrə bacarıqlarını nümayiş etdiriblər. Əvvəllər ölkəmizdə bu yarışlar iki mərhələ üzrə keçirilib. Lakin, bu il ilk dəfə olaraq FHN əməkdaşlarının ölkə çempionatının proqramına dağa dırmanma, turnikdə güc çalışmaları və maneələr zolağı növləri də əlavə olunub. Bu idman növləri idmançılardan daha çətin şəraitdə güc və bacarıq nümayiş etdirmək, gərgin mübarizə aparmaq tələb edib.
FHN-in İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxış edərək, ölkəmizdə ilk dəfə keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışıblar.
Bildirilib ki, FHN əməkdaşlarının baş verə biləcək fövqəladə hadisələrə hazırlığını bir daha yoxlamaq məqsədilə dağlıq və meşəlik ərazidə, çətin şəraitdə keçirilən bu yarışda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Teymur Şahlamazov qızıl, Aran Regional Mərkəzinin işçisi Zeynal Zeynalov gümüş, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Adəm Haqverdiyev bürünc medal qazanıb. Həmçinin əldə etdiyi yaxşı nəticələrə görə Mülki Müdafiə Qoşunlarının komandası birinci, FHN-in İdman Sağlamlıq Klubunun komandası ikinci, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının komandası üçüncü yeri tutub. İdmançılara diplom, kubok, medallar və qiymətli hədiyyələr təqdim edilib.
FHN-in qurumları arasında ilk dəfə keçirilən beşnövçülük çempionatının uğurla başa çatdığını nəzərə alan yarışların Təşkilat Komitəsi bu idman tədbirini ənənəvi olaraq hər il keçirməyi qərara alıb.

Keçidlər