Fənn olimpiadasının qalibləri ilə görüş.
Rayonun ümumtəhsil məktəblərinin bir qrup şagirdləri ötən dərs ilindəki təhsil uğurlarına görə qızıl, gümüş və bürünc medallarla təltif olunmuşlar. Onlar bu medallara bu il aprelin 22-də keçirilən Respublika Fənn Olimpiadasında göstərdikləri dərin biliyin nümayişinə görə layiq görülmüşlər. İyulun 11-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev olimpiadada riyaziyyat fənni üzrə birinci yeri tutmuş və qızıl medala layiq görülmüş Soltannuxa kənd tam orta məktəbin XI sinif şagirdi Elsun Rzayevi, şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi, coğrafiya fənni üzrə ikinci yeri tutan Nigar Müzzəfərovanı, və Azərbaycan dili fənni üzrə ikinci yerə layiq görülmüş və gümüş medala sahib olmuş IX sinif şagirdi Jalə Səfərəliyevanı, coğrafiya fənni üzrə ikinci yeri qazanmş və gümüş medala sahib olmuş Həmzəli kənd tam orta məktəbin IX sinif Şagirdi Turac Tahirovanı, Azərbaycan dili fənni üzrə üçüncü yerin sahibi və olimpiadanın bürünc medalını əldə edən Zarağan kənd tam orta məktəbin XI sinif şagirdi Nilufər Cəbrayılbəylini, kimya fənni üzrə üçüncü yeri qazanmış və bürünc medal almış Məlikli kənd tam orta məktəbin XI sinif şagirdi Qönçə Bəxtiyarovanı, kimya fənni üzrə üçüncü yeri tutmuş və bürünc medalla təltif olunmuş Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Sona Pənahlını qəbul etmişdir. Səbuhi Abdullayev olimpiadanın final mərhələsində müvəffəqiyyət qazanmş məktəbliləri bu böyük uğurlar münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan təhsil islahatlarından, təhsilin səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, dövlət tərəfindən təhsil müəssisələrinin əsaslı təmir edilməsi, yenilərinin tikilməsi, onların maddi-texniki təchizatının möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışmış və bütün bunların Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını diqqətə çatdırmışdır.
Soltannuxa kənd tam orta məktəbin şagirdi Elsun Rzayev rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə səmimi qəbula görə özünün və olimpiada iştirakçıları olan yoldaşlarının adından dərin minnətdarlığını bildirmişdir. Rayon təhsil şöbəsinin müdiri əvəzi Yaşar Nəzirov çıxış edərək Qəbələnin ənənəvi təhsil nailiyyətlərinin davamlı olacağını, şagirdlərin bilik və bacarıqlarının modern əsaslarla inkişaf etdirilməsi üçün müəllimlər ən mütərəqqi metodlara istinadən bütün səylərini birləşdirəcəyini qeyd etmişdir. Görüşdə olimpiada qaliblərinə RİH-nin Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim olunmuşdur.