Qəbələdə Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin möhtəşəm konserti olub
Beynəlxalq mədəniyyət və idman tədbirləri, konfranslar məkanına çevrilən Qəbələ şəhəri ənənəsinə sadiq qalaraq yenidən musiqi festivalı çərçivəsində tanınmış simaları bir araya toplayıb. Festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə dünyaya səs salaraq diqqəti cəlb edir. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən Qəbələ IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin möhtəşəm konserti olub. İyulun 29-da Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan açıq böyük səhnədə təşkil olunan konsertdə tələbə simfonik orkestrin gənc üzvlərini tanınmış pianoçu, 2009-cu ildə İsveçrədə keçirilmiş 43-cü Montreux Cazz Festivalının qalibi, Prezident təqaüdçüsü, bir sıra beynəlxalq festivalların və konsertlərin iştirakçısı İsfar Sarabski müşayiət edib. Konsertin dirijoru “Oazis”
Simli Kvartetinin və “Ad libitum” antrepriz ansamblının banisi, beynəlxalq müsabiqələr laureatı, “Baku Simfonietta” orkestrinin bədii rəhbəri və baş dirijoru Cavad Tağızadə olub. Məlumat verilib ki, C.Tağızadənin rəhbərliyi ilə yaradılan tələbə simfonik orkestri Bakı Musiqi Akademiyasında “İfaçılıq” fakültəsi yaranan gündən fəaliyyət göstərir. Orkestrin konsertində C.Qerşvinin “Mavi rapsodiya”, S.Hacıbəyovun “Karvan” simfonik lövhələri, K.Əkbərovun “Qafqaz əfsanələr” əsərləri səsləndirilib. Konsert tamaşaçıların böyük marağına səbəb olub. Qeyd edək ki, iyulun 30-da Qəbələdə açıq səhnədə festivalın açılış mərasimi olacaq və tamaşaçılara Ü.Hacıbəylinin “Leyli və Məcnun”
operası təqdim ediləcək. Altı gün davam edəcək festival çərçivəsində Qəbələ, Şəki və İsmayıllıda 15-ə yaxın konsertin verilməsi nəzərdə tutulur.