Qəbələ səhnəsində Azərbaycan, İtaliya, ABŞ və Rusiya musiqiçilərinin iştirakı ilə sonuncu kamera konserti keçirilib
Artıq altı gündür ki, klassik musiqi dinləyicilərinə unudulmaz anlar yaşadan IX Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatmaq üzrədir.
Avqustun 3-də Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan “Dörd əl axşamı” adlı sonuncu kamera konsertində pianoçular - Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri Oksana Yablonskaya (Rusiya), ABŞ-ın Duksburi Musiqi Festivalının bədii rəhbəri Stefan Deitz, İtaliyanın “L.Perosi” Beynəlxalq Musiqi Akademiyasının professoru Anna Serova (viola) çıxış ediblər. Festival iştirakçıları dünyanın tanınmış musiqiçilərinin canlı ifasında Avropa bəstəkarları R.Şubert, İ.Brams, Q.Fore və C.Gerşvinin ölməz əsərlərini dinləyiblər.