Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 133 ölkədən 320 gəncin iştirakı ilə XIII Dünya Skaut Gənclər Forumu keçirilib.

09 avqust 2017 | 16:00

Qəbələ rayonunda XIII Dünya Skaut Gənclər Forumu öz işinə başlayıb.
Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Skaut Hərəkatı Təşkilatının və Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən forumda 133 ölkədən 320 gənc iştirak ediblər. Qəbələ şəhərində “Qafqaz Resorte” otelində keçirilən forumun açılış mərasimində çıxış edən Dünya Skaut Hərəkatı Təşkilatının icraedici orqanı olan Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalves təşkilat barədə məlumat verib.
Bildirib ki, Dünya Skaut Hərəkatı Təşkilatı dünyanın 224 ölkəsi və regionunda fəaliyyət göstərir və 40 milyon üzvü öz ətrafında birləşdirir. 1907-ci ildə yaradılan Skaut hərəkatının məqsədi gənclərin özlərini şəxsiyyət kimi formalaşmasına və cəmiyyətdə konstruktiv rol oynamasına, onların ən yaxşı dünyanın qurulması işində iştirakına kömək göstərməkdir. Sonra Dünya Skaut Gənclər Forumunun sədri və gənc məsləhətçi Jeremi Apert, Dünya Skaut Hərəkatı Təşkilatının baş katibi Əhməd Ələndəvi çıxış ediblər. Bildirilib ki, “Arzula, inan və hərəkət et” devizi altında keçirilən forum 18-26 yaşlı skautlar arasında ünsiyyətin qurulması və gənc liderlərin ideyalarının mübadiləsi platformasıdır. Bu forum iştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük toplantısıdır. Sonuncu forum Sloveniyada 95 ölkədən olan skautların iştirakı ilə keçirilmişdi. XIII forumda gənc skautlar fəal vətəndaş mövqeyinə və liderliyə həsr olunan sessiyalara qatılacaq, təqdimatlarda iştirak edəcəklər. Qeyd olunub ki, Dünya Skaut Gənclər Forumu lider olmaq və hərəkatın gələcəyinə töhvə vermək istəyən gənc nəsil üçün nadir imkandır. Forumda bütün iştirakçıların sosial fəaliyyətini və cəmiyyətin inkişafında onların uğurlarını göstərən, fərdi layihələrin təqdim ediləcəyi maraqlı təqdimatlar olacaq. Avqustun 10-dək davam edəcək tədbirdə iştirakçı gənclər dünyada baş verən proseslərə (ekoloji, sosial və digər sahələrdəki problemlər) dair müxtəlif mövzular üzrə müzakirələr aparacaqlar. Forum çərçivəsində gənc skautlar arasında təşkil olunacaq “Mədəniyyət axşamı”nda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirəcək. XIII forumda 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinin gənc məsləhətçiləri seçiləcək. Gənc məsləhətçilərin əsas məqsədi Dünya Skaut Hərəkatı Təşkilatında qərarların verilməsi prosesində gənclərin rolunun artırılmasına imkan yaratmaqdır. Forumdan sonra gənc liderlərin iştirakı ilə avqustun 14-18-də Bakı Konqres Mərkəzində 41-ci Dünya Skaut Konfransı keçiriləcək. Forumda çıxış edən Azərbaycan Skautlar Assosiasiyasının (ASA) prezidenti İlyas İsmayıllı bildirib ki, rəhbərlik etdiyi təşkilat 1997-ci ildə fəaliyyətə başlayıb və 2000-ci ildə Dünya Skaut Hərəkatı Təşkilatına üzv qəbul edilib. Ölkəmizdə gənc nəslin tərbiyəsində mühüm rol oynayan Azərbaycan Skautlar Assosiasiyasının 16 bölgədə 1750-dən çox üzvü var. Ötən 3 il ərzində ASA skautinq üzrə 200-dən çox yerli layihə və tədbir həyata keçirib. Təşkilatın üzvləri üçün hər il proqramlar və yay düşərgələri təşkil olunur, onlar beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edirlər. Çıxışlardan sonra beynəlxalq tədbir işini plenar iclaslarda davam etdirib.

Keçidlər