Qəbələdə V Beynəlxalq Mürəbbə Festivalının iştirakçıları Qəbələ rayonu ilə yaxından tanış olmuşlar.
Qəbələ V Beynəlxalq Mürəbbə Festivalında iştirak etmək üçün Qəbələ rayonuna səfər edən xarici ölkələrin kullinarları, həmçinin diplomatik səfirliklərin nümayəndəlikləri və müşavirləri Qəbələ rayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş infotur proqramı çərçivəsində rayon ilə yaxından tanış olmuşlar. Bölgə haqqında ətraflı məlumat əldə edən qonaqların diqqətinə çatdırılmışdır ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar.
Bildirilmişdir ki, bölgədə yaradılan müasir infrastruktur ecazkar təbiətə malik bölgənin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Səfər çərçivəsində qonaqlar rayonun təbiəti, qədim tarixi-mədəni məkanları və turizm sektoru ilə tanış olmuş, sənaye müəssisələrində istehsal prosesini yaxından izləmişlər. Qədimliklə müasirliyin qovuşduğu bu əsrarəngiz bölgə ilə tanışlıqdan zövq alan qonaqlar Qəbələ rayonundan xoş təəssüratlarla ayrılmışlar.