Qəbələ - Qyonqcu əməkdaşlıq əlaqələri genişlənir.
27 avqust 2017-ci il tarixdə, Cənubi Koreyanın Qyonqcu şəhərində Azərbaycan, Avstraliya, Yaponiya, Fransa, Vyetnam, Braziliya, Slovakiya, İspaniya, Koreya, Çin, Tailand və Yeni Zelandiya olmaqla ümumilikdə 12 ölkədən 21 komandanın qatıldığı 13 yaşadək futbolçular arasında “Gyeongju 2017” başlığı altında beynəlxalq futbol turnirinə start verilib.
Azərbaycan Respublikasının Qəbələ rayonu ilə Cənubi Koreyanın Qyonqcu şəhərləri arasında olan əməkdaşlıq çərçivəsində Qyonqcu meriyası tərəfindən dəvət olunan “Qəbələ” futbol akademiyasının U-13 yaşadək olan futbol komandasına və nümayəndə heyətinə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov rəhbərlik edib. Nümayəndə heyəti Seul hava limanında qarşılanaraq Qyonqcu şəhərinə yola düşüblər.
Qyonqcu şəhərinin meri tərəfindən Konqres mərkəzində qarşılanan nümayəndə heyəti meriyanın qonağı olub. Şəhərin meri “qırmızı-qaralar”ı qəbul edib, onlara xüsusi diqqət göstərib. Daha sonra mərkəzin geniş zalında rəsmi açılış və komandaların təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən şəhər meri Qyonqcu və Qəbələ şəhərləri arasında olan əməkdaşlıq əlaqələrdən söz açaraq Qəbələ və Qyonqcu şəhərlər arasında olan münasibətləri yüksək qiymətləndirib. Mərasimdə Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov da iştirak edib. Mərasim konsert proqramı və ziyafətlə başa çatıb.
28 avqust 2017-ci il tarixdə Qyonqcu şəhər meriyasının inzibati binasında rəsmi görüş təşkil olunub. Tərəflər arasında təşkil olunan görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksələn xətlə inkişafından məmnunluq ifadə edilib.
Toplantıda çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin salamlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq qədim tarixi olan Qəbələ və Qyonqcu şəhərləri arasında əlaqələrin yaranmasın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, müxtəlif istiqamətlər üzrə ikitərəfli əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olduğunu diqqətə çatdırıb.
Daha sonar tərəflər arasında hədiyylərin təqdim etmə mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Qəbələ rayonu ilə Koreya Respublikasının Qyonqcu şəhərləri arasında olan münasibətlərin qurulması istiqamətində xüsusi rolu olan SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının fəaliyyəti geniş qiymətləndirilərək şəhər meriyası tərəfindən xatirə hədiyyəsi təqdim olunmuşdur.
Səfər çərçivəsində nümayəndə heyətimiz üçün şəhər meriyası tərəfindən infotur da təşkil olunub. Bölgə ilə tanışlıq çərçivəsində nümayəndə heyətimiz Qyonqcu çəhərinin tarixi mədəni məkanları və görməli yerləri ilə yaxından tanış olublar.
Qeyd etmək istərdik ki, E qrupunda çıxış edən “Qəbələ” futbol akademiyasının U-13 yaşadək olan futbolçuları “qırmızı-qaralar” turnirdə 4 matç keçirib. Komandamız ilk oyununda Yaponiyanın “Nara” klubunu məğlub edib – 4:1. Ardınca İspaniyanın “Selta” və Koreyanın “Çonqyonq” klubları ilə görüşən “Qəbələ” hər iki matçda 0:2 hesabı ilə məğlub olub. Daha sonra futbolçularımız Yaponiyanın “İçinomiya” komandasına qalib gəlib – 3:2. Qrup mərhələsində “Selta” və “Çonqyonq” daha çox – 9 xal toplayıb. “Qəbələ” “İçinomiya” ilə eyni 6 xal toplasa da, daha yaxşı top fərqinə malik yaponiyalılar 3-cü olub. Qrup dördüncüsü olan “qırmızı-qaralar” turnirdə növbəti oyunlarını Yaponiyanın “Vejitto” və Tailandın BBC klubları ilə üz-üzə gəliblər.