Qəbələ rayonunda “Bilik günü” qeyd olunmuşdur.
Sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar rayonun 68 ümumtəhsil məktəblərində “Bilik günü” qeyd olunmuşdur. Toplantıda çıxış edənlər əlamətdar hadisə münasibətilə ictimaiyyət nümayəndələrinə öz təbriklərini çatdırmiş, ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan söz açmışlar. Bayram şənliklərində son illər sürətli inkişaf yoluna qədəm qoyan Qəbələ rayonunda təhsil sahəsinə göstərilən qayğının əyani təzahürü olaraq 29 yeni məktəb binasının inşa edildiyi, 5 məktəbin əsaslı təmir olunduğu, istifadəyə verilmiş məktəblərin hər birində müasir texniki avadanlıqlar quraşdırıldığı, kitabxanalar, idman zalları, fənn kabinələri, labaratoriyalar yaradıldığı, müasir kompüter dəstlərinin şagird və müəllimlərin ixtiyarına verildiyi səslənmişdir.
Bildirilmişdir ki, təhsil müəssisələrinin inkişafına göstərilən diqqətin davamlı xarakter alması nəticəsində yeni dərs mövsümü üçün rayonun Seyidqışlaq kəndində 80 yerlik ümumi orta, Cığatelli kəndində modul tipli 56 yerlik məktəblər istifadəyə verilmiş, Aydınqışlaq kəndində isə 160 yerlik tam orta məktəb əsaslı təmir olunmuşdur. Tədbirdə çıxış edən müəllim, şagird və valideyinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.