Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan nümayəndə heyəti Belarusda səfərdə olub

25 sentyabr 2017 | 16:00

Sentyabrın 22-23 tarixlərində Belarus Respublikasının Qrodno şəhərində “Evroregion “Neman-2017” universal sərgi yarmarkası və şəhərin 889-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib. Tədbirlərə Qrodno şəhəri ilə qardaşlaşmış Qəbələ rayonunun rəhbərliyi də dəvət olunub.Tədbirlərdə iştirak etmək üçün Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Qrodno şəhərinə səfər edib. Səfərin ilk günündə nümayəndə heyətimizin üzvləri Qrodno şəhərindəki tarix- mədəniyyət abidələri ilə tanış olublar.Qrodno vilayətinin qubernatoru Vladimir Kravçov nümayəndə heyətlərinin başçılarını qəbul edib. Görüşdə Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları – Qırğızıstanın və Slovakiyanın səfirləri, Rusiyanın Brestdəki baş konsulu, bu ölkənin ticarət nümayəndəliyinin başçısı, Macarıstanın ticarət müşaviri, Ukrayna səfirliyinin müşaviri, Polşa sərhədyanı bölgələrinin nümayəndələri, Səbuhi Abdullayev, Lətif Qəndilov və digər rəsmi şəxslər iştirak ediblər. Vladimir Kravçov onlara uğurlu əməkdaşlıq imkanları və yeni müqavilələrin imzalanmasını arzulayıb. Sonra “Qrodno sərhədlərin kəsişməsində” adlı Beynəlxalq İnvestisiya Forumunun plenar iclasının açılışı olub. Plenar iclasda Qrodno vilayətinin qubernatoru Vladimir Kravçov, Belarus Respublikası Prezidentinin köməkçisi - Qrodno vilayəti üzrə kurator Sergey Rovneyko, iqtisadiyyat nazirinin müavini Pavel Utyupin və digər dövlət orqanlarının təmsilçiləri çıxış ediblər. Forum başa çatdıqdan sonra qubernator iştirakçı dövlətlərin nümayəndələri ilə birlikdə “Evroregion “Neman-2017” universal sərgi-yarmarkanın rəsmi açılış mərasimində iştirak edib. Sərgiyə 15 ölkədən 400-dən çox iştirakçı qatılıb, 1,2 hektarlıq sahədə 150 pavilyon qurulub. Azərbaycanı bu sərgidə “Gilan Holding” şirkəti və “ASPİ- AQRO” MMC təmsil edib. Açılışdan sonra Vladimir Kravçov dövlət rəsmiləri ilə birlikdə stendləri gəzib, o cümlədən ölkəmizin stendini ziyarət edib. Səbuhi Abdullayev qubernatora ölkəmizin turizm imkanları və “Gilan Holding” şirkəti barədə ətraflı məlumat verib. Ölkəmizə aid stenddə “Gilan” şirkətinə və “ASPİ-AQRO” MMC məxsus müxtəlif çeşidli şirələr, şərablar və çoxlu sayda digər kənd təsərrüfat və yeyinti sənayesi məhsulları nümayiş etdirilib, Azərbaycanın turizm imkanlarını əks etdirən jurnallar və bukletlər təqdim olunub. Azərbaycan stendi sərgidə ən gözəl stendlərdən biri kimi qiymətləndirib. Belə ki, bu stenddə, həmçinin sərgiyə qoyulmuş məhsulların geniş dequstasiyası da təşkil edilib.Azərbaycan nümayəndə heyəti Qrodno şəhərinin 889-cu il dönümünə həsr edilmiş tədbirlərdə də iştirak edib. Səbuhi Abdullayev Qrodno vilayətinin qubernatoru Vladimir Kravçov və Qrodno şəhərinin meri Meçislav Qoy ilə ayrıca ikitərəfli görüşlər də keçiriblər. Görüşlərdə sənaye, mədəniyyət, turizm və digər sahələr üzrə əlaqələrin perspektivləri müzakirə edilmişdir. Səbuhi Abdullayev tərəfindən hər iki rəsmiyə hədiyyələr, o cümlədən Qrodno şəhərinin xalça üzərində toxunmuş gerbi təqdim olunub. Vladimir Kravçov və Meçislav Qoy Azərbaycanla sənaye və turizm sahələrində əməkdaşlığa hazır olduqlarını bildiriblər və Azərbaycan investorlarını Qrodnoya sərmayə qoymağa dəvət ediblər. Səbuhi Abdullayev və Lətif Qəndilov gələn il Qrodno şəhərinin 890 illik yubiley tədbirlərində iştiraka dəvət olunublar. Səbuhi Abdullayev Qrodno şəhərinin rəhbərliyini onlara uyğun olan tarixdə Qəbələyə dəvət edib. Hər iki tərəf dəvəti qəbul edib.

Foto qalereya

Keçidlər