Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ arxeologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

21 oktyabr 2017 | 16:00

SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Qəbələ arxeologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilib.Qəbələ Arxeoloji Mərkəzində təşkil olunan seminar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub. Beynəlxalq elmi seminarın açılış mərasimində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, akademik Teymur Bünyadov, Qəbələ arxeoloji ekspedisiyasının rəisi, AMEA-nın müxbir üzvü İlyas Babayev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış ediblər.Bildirilib ki, Koreya Respublikası və Azərbaycan Respublikası ötən 25 ildə əməkdaşlıq tarixində böyük irəliləyişə nail olub, siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətləri daim inkişaf etdiriblər. Azərbaycan və Koreya arasında yaradılan bu dostluq münasibətlərinin genişlənməsində artıq 12 ildir fəaliyyət göstərən “Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin böyük rolu var. Çıxış edənlər iki ölkə arasında elm sahəsində əməkdaşlığın nümunəsi kimi Qəbələ Azərbaycan-Koreya arxeoloji ekspedisiyasının fəaliyyətini xüsusi vurğulayıblar. Qeyd olunub ki, son illər dünyanın mədəniyyət və turizm mərkəzinə çevrilən Qəbələnin bu cür beynəlxalq elmi seminara ev sahibliyi etməsi beynəlxalq aləmin diqqətini yalnız Qəbələyə deyil, bütövlükdə Azərbaycana cəlb edir. Məlumat verilib ki, Azərbaycan-Koreya arxeoloji ekspedisiyası SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, maliyyə və təşkilati dəstəyi ilə fəaliyyətə başlayıb. O vaxtdan etibarən Qafqaz Albaniyası dövlətinin paytaxtı, sonralar isə Azərbaycan və Şərqin tarixində əhəmiyyətli şəhər olmuş Qəbələnin (e.ə.IV - b.e. XVIII əsrlər) üç tarixi ərazisində, eləcə də Paleolit, Eneolit və Erkən Tunc dövrlərinə aid şəhərkənarı ərazilərində hər il arxeoloji tədqiqatlar aparılır. Bildirilib ki, Qəbələdəki arxeoloji tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları və Koreyanın bir neçə elmi mərkəzinin mütəxəssislərindən ibarət komanda tərəfindən aparılır. Qazıntılar zamanı tapılan ən maraqlı maddi-mədəniyyət nümunələrinin saxlanılması və mütəxəssislər tərəfindən laboratoriya işlərinin aparılması üçün lazımi şərait yaradılıb. Həmin nümunələr Çuxur Qəbələ kəndindəki Arxeoloji Mərkəzin sərgi salonunda nümayiş etdirilir. Beynəlxalq tədbir zamanı elmi məruzələrlə yanaşı, 2005-ci ildən SEBA Assosiasiyasının 2500 il tarixə malik və 900 il Qafqaz Albaniyasının paytaxt şəhəri olan qədim Qəbələ şəhəri ərazisində AMEA-nın müxbir üzvü, professor İlyas Babayevin rəhbərliyi ilə Azərbaycan və Koreya arxeoloqlarının birgə apardığı arxeoloji ekspedisiyalar zamanı əldə olunan nəticələr barədə illik hesabatlar və tapıntılar kitablar toplusunun və SEBA Assosiasiyasının sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Qəbələ-Qafqaz Albaniyasının paytaxtı” filminin təqdimatı keçirilib.Tədbirdə məlumat verilib ki, seminar materiallarının toplusunda 39 müəllifin 33 elmi əsəri nəşr olunub. Tədbirdə iştirak edən həmin müəlliflər sırasında Azərbaycan arxeoloqları ilə yanaşı, Koreyanın Seul Milli Universitetinin, Kongju Milli Universitetinin, Silla Mədəni İrsi üzrə Tədqiqat İnstitutunun, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Almaniya Arxeoloji İnstitutunun İstanbul filialının professorları da var. Koreyanın Qəbələ ilə qardaşlaşmış Gyeongju şəhər meriyasının mədəni irs şöbəsinin əməkdaşı Lee Joo Younq da qonaqlar sırasındadır.Seminarda Azərbaycan və Koreyanın tanınmış arxeoloqları qədim Qəbələ şəhərinin ərazisində apardıqları tədqiqatların nəticələri barədə məlumat veriblər. Beynəlxalq elmi seminarın iştirakçıları qədim Qəbələ şəhərinin Antik, Səlbir və Qala adlanan ərazilərində aparılan arxeoloji qazıntı işləri, eləcə də eksponatlar və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Video

Foto qalereya

Keçidlər