Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş görüş keçirilmişdir.

19 noyabr 2017 | 04:00

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Qəbələ Arxeoloji Mərkəzində  Azərbaycanın görkəmli coğrafiyaçısı, akademik H.Əliyevin 110 illik yubileyinə həsr olunmuş görüş keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, dövrünün görkəmli torpaqşünas alimi, akademik Həsən Əliyevin Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasındakı, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsindəki  müstəsna xidmətlərindən söhbət açmışdır. AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov “Akademik H.Əliyevin elmi və ictimai fəaliyyəti haqqında” movzusunda geniş məruzə etmiş, onun Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində əvəzsiz xidmətlərindən danışmışdır.  Alim çıxışında qeyd edib ki, ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Coğrafiya İnstitutu tədbirlər planı işləyib hazırlamış və həmin plana əsasən institut il boyu müxtəlif tədbirlər – konfranslar, sərgilər, görüşlər, seminarlar və s. təşkil edir. Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmələr üzrə fəlsəfə doktoru Ənvər Əliyev alim haqqında məruzəsində H.Əliyevi həm elmi rəhbəri, həm şöbə müdiri, həm də institut direktoru kimi xarakterizə edərək  onu insanlıq, alimlik, haq-ədalət simvoluna çevrilən bir dağ, bir azərbaycanlı kişi adlandırmışdır. Məruzəçi bildirmişdir ki, H.Əliyev bütün həyatı ilə  mükəmməl tədqiqatçı olmaqla yanaşı, böyük hörmət sahibi, el ağsaqqalı, vətənini ürəkdən sevən əsil azərbaycanlı olduğunu sübut etmişdir. İnstitutun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, aqrar elmələr üzrə fəlsəfə doktoru İsmayıl Quliyev “Akademik H.Əliyev görkəmli ekoloq kimi” mövzusunda məruzə edib,  torpaqşünas alimin elmi tədqiqat işlərindən, nəşr fəaliyyətindən, Azərbaycanın torpaq xəritəsinin tərtibindəki əməyindən və s. söhbət açmışdır. Qəbələ rayon kənd təsərrüfatı idarəsinin rəisi Rahib Əhmədov akademik H.Əliyev haqqında xatirələrindən danışıb, onun insanlara olan qayğıkeş münasibətindən, ölkəmiz üçün kadrlar hazırladığından,  Azərbaycan təbiətinə və elminə verdiyi töhfələrdən danışmışdır. Tədbirdə iştiak edən Həsən Əliyevin yetirmələri, keçmiş iş yoldaşları, böyük alim haqqında xatirələrindən bəhs etmişlər. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Qəbələnin tarixi, bu günkü inkişafı və burada keçirilən beynəlxalq tədbirlər barədə tədbir iştirakçılarına məlumat vermiş, böyük alim Həsən Əliyevə həsr olunmuş belə maraqlı tədbirin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirmişdir. Tədbirin gedişi boyu Coğrafiya institutunun hazırladığı, Həsən Əliyevin fəaliyyətinə həsr olunmuş kinolent nümayiş etdirilmişdir. Sonda akademik Ramiz Məmmədov Coğrafiya İnstitutunun nəşri olan kitabları və atlası Qəbələ Arxeoloji Mərkəzinin kitabxanasına hədiyyə etmişdir.

Foto qalereya

Keçidlər