Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” devizi altında şimal bölgəsinə səfər edən məktəblilər xoş təəsüratlarla Qəbələ rayonuna geri dönmüşlər.

20 noyabr 2017 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə şimal bölgəsinə səfər edən Qəbələ məktəblilərinin bir qrupunun noyabrın 18-də Quba rayonu ilə tanışlığı davam etmişdir.
Məktəblilər Quba Cümə məscidində, Quba soyqırımı Memorial kompleksində, Quba Xalçaçılıq emalatxanasında, tağlı körpüdə olmuş, şəhərə gəzintiyə çıxmışlar.
Quba Soyqırımı Memorial Kompleksində olarkən məktəblilərə bildirilmişdir ki, erməni vəhşiləri 1918-ci ilin mart-aprel aylarında təkcə Qubada 10 mindən artıq günahsız soydaşlarımızı qətlə yetirmişlər.
Qəbələ məktəbliləri həmin gün Quba rayonunda dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı qəsəbədə olmuşlar. Bu qəsəbədə yəhudilərlə birlikdə azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri uzun müddətdir ki, bir-birinin adət və ənənələrinə, mədəniyyətinə, dilinə, dininə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Qırmızı qəsəbə də Quba rayonunun digər yaşayış məntəqələri kimi yüksək səviyyədə inkişaf etmişdir.
Nahardan sonra məktəblilər Qubanın Xınalıq kəndi yolundakı ecazkar şəlaləyə, “Rixos” Quba mehmanxana kompleksinə, Qolf meydançasına tamaşa etmişlər.
Şam yeməyindən sonra məktəblilər arasında “Kim?  Harada? Nə zaman?” intelektual oyun yarışması keçirilmişdir. 9 rayondan olan məktəblilər arasında keçirilən bilik yarışmasında Qəbələ məktəbliləri yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək 2-ci və 4-cü yerləri tutmuş, sertifikat və kubokla mükafatlandırılmışlar.
Öz növbəsində Qəbələ rayonunu təmsil edən “Qədim Qəbələ” və “Müasir Qəbələ” komandaları tərəfindən qalib gələn digər komandalara xatirə hədiyyələri təqdim olunmuşdur.
Qeyd etmək lazımdır ki, 17 noyabr Milli Dirçəliş Günü münasibətilə  Qəbələ məktəbliləri “Cənnət bağı” istirahət mərkəzində maraqlı tədbir keçirmişlər. Tədbirdə çıxışlar dinlənilmiş, məktəblilərin və onların müşayət edən şəxslərin ifasında Azərbaycanın Dövlət Himnini səsləndirmişlər.
Qəbələ məktəblilərinin Xaçmaz rayonuna səfəri də yaddaqalan olmuşdur. Noyabrın 19-da Xaçmaz şəhərində tən-tənə ilə qarşılanan məktəblilərimiz ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tur aksiya iştirakçılarının nəzərinə çatdırılıb ki, Xaçmaz rayonu geniş turizm imkanlarına malik rayonlardandır. Buranı parklar və muzeylər şəhəri adlandırırlar. Məktəblilər Heydər Əliyev mərkəzi ilə tanışlıqdan sonra Şəxsiyyətlər Muzeyinə gəliblər. Bu muzeydə Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulmuşdur. Ekskursiya iştirakçlarına açıq səma altında yaradılan bu muzey haqqında geniş məlumat verilmişdir.
Rayon tarix-diyarşünaslıq muzeyinə, xalça muzeyinə, rəsm qalereyasına tamaşa etdikdən sonra Qəbələ məktəbliləri Bayraq Meydanına gəliblər.
Bayraq Meydanı ilə ətraflı tanışlıqdan sonra məktəblilər “Çənlibel” parkına gəzintiyə çıxmışlar.  Tur aksiya çərçivəsində məktəblilər  IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyasında iştirak etmiş, onlara rəhbərlik edən müəllimlərlə birlikdə 300-dən çox ağac əkmişlər.
Qəbələ məktəblilərinin ölkəmizin şimal bölgəsinə tanışlıq səfəri çox səmərəli keçmişdir. Məktəblilər bu 4 gün ərzində vətənimizin bu bölgəsi haqqında nəzəri biliklərini əyani şəkildə zənginləşdiriblər. Məktəblilərimiz həmişə olduğu kimi bu səfərdə də öz nümunəvi davranışları və tur-aksiyada qarşıya qoyulmuş məqsədə çatmaq səyləri ilə fərqləniblər. Buna görə də Qəbələ məktəbliləri qrupu Quba “Cənnət bağı” istirahət kompleksi rəhbərliyinin təşəkkürnaməsinə layiq görülmüşdür. Qəbələ Rayon İcra Hakimiyyətinə və rayon Təhsil şöbəsinə ünvanlanmış “Təşəkkürnamə”də otel rəhbərliyi Qəbələ məktəbliləri qrupunun müəllim və şagird heyətinin özünüaparma və intellekt səviyyəsindən razı qaldığını bildirir. Müəllim heyətinin ciddiliyi, nizam-intizamı, şagirdlər üzərində nəzarətinin səviyyəsini təqdirəlayiq sayır. Komandanın tərkibinin düzgün seçiminə görə rayon İcra hakimiyyətinə və Təhsil şöbəsinə minnətdarlıqlarını bildirmişlər. Sonda tur- aksiya iştirakçıları Quba-Qusar-Xaçmaz bölgəsindən ayrılaraq xoş təəsüratlarla Qəbələ rayonuna geri dönmüşlər.

Foto qalereya-1

Foto qalereya-2

Keçidlər