Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ III Beynəlxalq İncəsənət Sərgisinin açılış mərasimi olmuşdur

06 may 2013 | 15:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə təşkil edilən Qəbələ III Beynəlxalq İncəsənət Sərgisinin açılış mərasimi olmuşdur. Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində keçirilən beynəlxalq sərginin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil və gül dəstələri qoymuşlar. Sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.“Portretlərin melodiyası”adı altında təşkil edilən sərgidə dünyanın 23 ölkəsini-Azərbaycan, Almaniya, Avstriya, Albaniya, Braziliya, Banqladeş, Bolqarıstan, Gürcüstan, İsrail, İtaliya, Koreya, Latviya, Rusiya, Yaponiya, Yunanıstan, Sinqapur, İraq, İran, Hollandiya, Əlcəzair, Finlandiya, Türkiyə və Ukraynanı təmsil edən 158 rəssamın 291 əsəri nümayiş etdirilir. Sərgidə nümayiş olunan rəsmlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsərləri də yer almışdır. Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Qəbələ III Beynəlxalq İncəsənət Sərgisinin iştirakçılarına ünvanlanmış təbrik məktubu oxunmuşdur. Mərasimdə çıxış edən SEBA-nın sədri Ruhəngiz Heydərova tədbirin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. O, bu sərginin mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu bildirmiş, tədbirin baş tutmasına yaxından kömək göstərmiş Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıq etmişdir. Ruhəngiz Heydərova bildirmişdir ki, ötən illə müqayisədə builki sərgidə iştirak edən rəssam və heykəltəraşların, onların təmsil etdiyi ölkələrin sayının artması onu göstərir ki, bu layihənin ideyasına olan maraq ildən-ilə artır. Bu isə öz növbəsində Azərbaycana, incəsənətimizə olan diqqətin daha bir göstəricisidir. O cümlədən bu tədbir Azərbaycanla müxtəlif ölkələr arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Sonra Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşunaslıq üzrə Elmi Mərkəzinin direktoru Vilayət İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan və Rusiyanın Xalq rəssamı, akademik Tahir Salahov, Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn çıxış edərək sərginin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu bildirmiş, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulamışlar. Natiqlər rəngarəng sənət əsərlərinin nümayiş olunduğu bu sərginin qonaqların yaddaşında daim qalacağına, Qəbələnin gözəl və füsunkar təbiətinin rəssamlar üçün ilham mənbəyi olacağına ümid etdiklərini bildirmişlər. Sərgi iştirakçılarından 24 nəfər müxtəlif nominasiyalar üzrə diplom təltif olunmuşdur. Azərbaycanın zəngin mədəni irsinin və milli-mənəvi dəyərlərinin dünyada tanıdılmasına və “Qəbələ III Beynəlxalq İncəsənət Sərgisi” layihəsinin həyata keçirilməsində göstərdiyi misilsiz xidmətlərə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin fəxri diplomu ilə təltif olunmuşdur. Çıxışlardan sonra sərginin açılışını bildirən qırmızı lent kəsilmiş və əsərlərə baxış keçirilmişdir. Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında xoş təəssürat yaratmışdır. Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu bir daha qeyd etmişlər. Sonra mədəniyyət mərkəzində konsert proqramı təqdim edilmişdir. Beynəlxalq sərgi mayın 19-dək davam edəcəkdir.

Keçidlər