Belarusun nümayəndə heyəti Qəbələ rayonuna səfər edib.
Qəbələ Rayon İcra Hakimiyyəti ilə Belarus Respublikasının Qrodno şəhəri arasında “Regionlararası əlaqələrin qurulması haqqında" 28 noyabr 2016-cı il tarixdə imzalanmış Sazişə uyğun olaraq, dekabrın 8-də Qrodno şəhərinin meri Meçislav Qoyun rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib.
Qonaqları rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qarşılayıb.
Nümayəndə heyəti həmin gün rayonun bir sıra tarix-mədəniyyət abidələri, aqrar sektoru, sənaye müəssisələri, turizm və idman kompleksləri ilə tanış olublar.
Belaruslu qonaqlar Qəbələ Mədəniyyət Mərkəzində milli muğam üçlüyünün ifasında xalq musiqimizin nümunələrini dinləyiblər.
Qəbələ rayonu ilə daha yaxından tanış olan qonaqlar “Gilan” Qida Şəhərciyindəki sənaye obyektlərində istehsal prosesinə baxıb, hazır məhsulların qablaşdırılması mərhələsini izləyiblər.
Daha sonra nümayəndə heyəti Regional “ASAN xidmət” mərkəzinə gəlib. Mərkəzin inzibati binası ilə tanış olan qonaqlara Regional “ASAN xidmət” mərkəzinin iş prinsipi, burada göstərilən xidmətlər və maraqlı layihələr haqqında ətraflı məlumat verilib. Onlar “ASAN xidmət” mərkəzində əməkdaşların, eləcə də könüllülərin fəaliyyətini yaxından izləyib, “ASAN ödəniş” terminallarının iş prinsipi ilə maraqlanıblar.
Rayon icra hakimiyyətinin inzibati binası və Heydər Əliyev Konqres Mərkəzi ilə tanış olan Belaruslu qonaqlarla Konqres Mərkəzində keçirilən görüşdə tərəflər əvvəlcə nümayəndə heyətlərini təqdim ediblər. Görüş zamanı Səbuhi Abdullayev bu ilin sentyabrında Belarus Respublikasının Qrodno şəhərində “Evroregion “Neman-2017” universal sərgi yarmarkasında və şəhərin 889-cu ildönümünə həsr olunmuş tədbirlərdə iştirakı zamanı başçılıq etdiyi nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Qrodno şəhərinin meri Meçislav Qoya bir daha minnətdarlığını bildirib.
Səbuhi Abdullayev ölkəmizə aid stenddə nümayiş etdirilən “Gilan” şirkətinə və “ASPİ-AQRO” MMC-yə məxsus müxtəlif çeşidli şirələrin, şərabların, kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının sərgidəki ən gözəl stendlərdən biri kimi Qrodno vilayətinin qubernatoru Vladimir Kravtsov tərəfindən çox yüksək qiymətləndirildiyini unutmadıqlarını diqqətə çatdırıb.
O, Belarus təmsilçilərini rayonun tarixi, bu günü, iqtisadiyyatı, sosial və mədəni həyatı barədə ətraflı məlumatlandıraraq, onlara Qəbələnin təbiəti qədər zəngin olan keçmişinin Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil etdiyini deyib. 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin bugünədək gəlib çatan qalıqları, möhtəşəm qala divarları və burada aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri barədə qonaqlara geniş məlumat verən RİH-nin başçısı rayonun cəlbedici turizm bölgəsi olması ilə yanaşı, həm də beynəlxalq görüşlərə, forumlara, mədəniyyət, incəsənət festivallarına, rəsm sərgilərinə və idman yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Qrodno şəhərinin meri Meçislav Qoy da öz növbəsində başçılıq etdiyi nümayəndə heyətinin Qəbələyə səfərindən böyük məmnuniyyət duyduğunu bildirib. O, Qrodno və Qəbələ arasında mövcud olan ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin davam etdirilməsindən söz açan Meçislav Qoy bunun Qrodno və Qəbələ şəhərləri arasında iqtisadi əməkdaşlığın və turizmin inkişafına təkan verəcəyini qeyd edib.
Görüşdə tərəflər arasında xatirə hədiyyələrinin təqdimatı mərasimi olub.
Belarusun dövlət təmsilçilərindən və işgüzar dairələrinin rəbərlərindən ibarət nümayəndə heyəti növbəti gün rayonda fəaliyyət göstərən digər sənaye, kənd təsərrüfatı, emal müəssisələri, turizm infrastrukturu və bölgənin tarixi yerləri ilə, o cümlədən heyvandarlıq kompleksləri, "Savalan" Şərab Zavodu, Stend Atıcılığı Mərkəzi, "Tufandağ" Qış-Yay Turizm İstirahət və İdman sağlamlıq Kompleksləri, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və "Çotari" Udi-Alban məbədi ilə yaxından tanış olublar. Nümayəndə heyəti Qəbələ rayonundan xoş təssüratlarla ayrılmışlar.