Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilmişdir.
Bu gün Qəbələ rayon ictimaiyyəti milli dövlətçiliyimizin parlaq siması, XX əsrin ən görkəmli siyasi xadimlərindən biri olmuş ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri düzmüşlər. Əvvəlcə rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev abidəyə qızıl gül dəstələri düzmüş və dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etmişdir. Sonra icra hakimiyyəti aparatının işçiləri, idarə, təşkilat, ictimai birliklərin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri dəstə-dəstə Ümummilli Liderin abidəsi önünə gələrək tər qərənfillər və gül-çiçək düzmüş, onun işıqlı xatirəsinə öz məhəbbətlərini ifadə etmişlər. Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzinə gəlmişlər. Burada ulu öndərin siyasi fəaliyyətini əks etdirən ekspozisiya, rəhbərin kitabları, onun əşyaları ilə tanışlıq tədbirə qatılanlarda bir daha xüsusi maraq doğurmuşdur. “Qafqaz-Sport” hotelinin ziyafət salonunda yekunlaşan tədbirdə Qurani-Kərimdən surələr oxunmuşdur.