Özünüməşğulluq proqramının 16 iştirakçısı aktivlərlə təmin olunub.
Qəbələ rayonunda işsiz insanların məşğulluğunun təmin edilməsi üçün görülən tədbirlər uğurla davam etdirilir. Rayon Məşğulluq Mərkəzi ötən il işəgötürən təşkilatlarla sıx əməkdaşlıq edərək, yüzlərlə işaxtaran vətəndaşın boş iş yerlərinə cəlb edilməsinə nail olub. 2017-ci il ərzində Qəbələ rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçən 1280 nəfərdən 452-si müxtəlif idarə və təşkilatlarda, özəl müəssisələrdə işlə təmin edilib. Onlardan 70-i qadın, 108-i gənclərdir. Həmçinin 52 nəfərə işsizlik statusu verilib, müavinət ödənilib. Qeyri-məşğul əhalidən 20 nəfər işaxtaran qadın “Xalçaçılıq” peşə hazırlığı kursuna cəlb edilib, onlardan 10 nəfəri işlə təmin olunub. “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Qəbələ rayonunda da müvafiq işlər görülür. Ötən il rayondan 3-ü xidmət, 13-ü kənd təsərrüfatı sahəsi olmaqla, özünüməşğulluq proqramının 16 iştirakçısı öz bizneslərinə başlamaları üçün lazımi aktivlərlə təmin ediliblər. Həmin vətəndaşlardan 8 nəfəri ətlik heyvandarlıqla, 4 nəfəri südlük heyvandarlıqla, 1 nəfəri arıçılıqla, 1 nəfəri kiçik qəlyanaltı sahəsində, 1 nəfəri kompüter təmiri, çap və poliqrafiya sahəsində, 1 nəfəri isə avtomobil təmiri sahəsində fəaliyyət göstərir. Özünüməşğulluq proqramının iştirakçılarından 7 nəfərə buzovlarla birlikdə 27 baş iribuynuzlu heyvan, 5 nəfərə 122 baş xırdabuynuzlu heyvan, 1 nəfərə kompüter və çap avadanlığı, 1 nəfərə 15 arı ailəsi, 1 nəfərə avtomobil təmiri üçün alətlər, 1 nəfərə isə qəlyanaltı üçün tələb olunan avadanlıqlar verilib.