Ötən il Qəbələdə meyvəçilik, tərəvəzçilik və taxılçılığın inkişafı üçün uğurlu olub.
Qəbələ rayonunda iqtisadiyyatın əsasını təşkil edən taxılçılıq, meyvəçilik və tərəvəzçilik məhsullarının satışından yaxşı gəlir əldə edən kəndli fermerlər və fərdi təsərrüfat sahibləri bu sahələrin ildə-ilə daha da inkişaf etdirilməsini qarşıya məqsəd qoyublar. Mütəxəssislər 2017-ci ilin Qəbələnin torpaq mülkiyyətçiləri üçün uğurlu il olduğunu hesab edirlər. Belə ki, kəndlilər əvvəlki illərlə müqayisədə 2017-ci ildə əkin sahələrini xeyli artırmaqla yanaşı, həm də bol məhsul əldə etməyə nail olublar. 2017-ci ildə Qəbələdə kənd təsərrüfatı məhsullarının yığımı vaxtında və itkisiz başa çatdırılıb. Ötən il 21 min 47 hektar sahədən 64 min 597 ton taxıl tədarük olunub. Cari ilin məhsulu üçün rayonda 20 min 100 hektar sahədə taxıl səpini aparılıb. Həmçinin ötən il Qəbələdə 1598 hektar sahədən 3 min 65 ton qarğıdalı, 8 hektar sahədən 116 ton bostan məhsulları, 854 hektar sahədən 7 min 600 ton tərəvəz, 613 hektar sahədən 12 min 260 ton kartof tədarük olunub. Ötən il bağbanlar 365 hektar üzüm sahəsindən 2065 ton, 6 min 198 hektar meyvə bağından 13 min 527 ton məhsul tədarük ediblər. O cümlədən ötən il 4684 hektar fındıq bağından 7300 ton məhsul tədarük olunub. Son 3 ay ərzində Qəbələdə 314 hektar sahədə yeni fındıq bağı salınıb. Bütün sahələr üzrə əldə edilən nəticələr əvvəlki ilin göstəricilərindən xeyli yüksəkdir.