Qəbələ şəhər inzibati ərazi nümayəndəliyində 2017-ci ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilmişdir.
Qəbələ şəhər inzibati ərazi nümayəndəliyində 2017-ci ildə görülən işlərə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda şəhər ictimaiyyətinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. İclası giriş sözü ilə şəhər inzibati ərazi nümayəndəsi Dəmir Bağırov açaraq 2017-ci ildə ərazidə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq məruzəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə 2017-ci ildə Respublikamızda həyata keçirilən böyük quruculuq işləri barədə toplantı iştirakçılara geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, iqtisadiyyatının tarazlı inkişafını təmin edən uğurlu siyasət ölkəmizi regionun aparıcı dövlətlərdən birinə çevirmişdir. Dəmir Bağırov bildirmişdir ki, Azərbaycanın bu günkü inkişafı, tərəqqisi ölkə başçısı cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasətin təntənəsidir. Ölkə başçısı tərəfindən regionlara göstərilən diqqət və qayğının nəticəsində bu gün rayonların, qəsəbə və kəndlərin siması dəyişir, hər yerdə böyük quruculuq işləri həyata keçirilir. Məruzəçi tərəfindən Azərbaycanın bu günkü inkişafı və tərqqisi fonunda Qəbələ rayonunun, o cümlədən şəhərimizin öz sürətli inkişaf dövrünü yaşadığı qeyd edilmişdir. Burada görülən işlərin, həyata keçirilən layihələrin sayəsində Qəbələ dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrildiyi, şəhərimizin bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vurğulanmışdır. Şəhər əhalisinə göstərilən xidmətlərin yüksək səviyyədə təşkili üçün ərazi nümayəndəliyi tərəfindən bir sıra tədbirlərin hazırlanaraq həyata keçirildiyi, elektrik enerjisinə, mavi yanacağa, telefon və internet xidmətinə, içməli suya və kommunal xidmətlərə olan ehtiyacın ödənildiyi bildirilmişdir. Şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsi istiqamətində tikinti quraşdırma işlərinin davam etdirildiyi, şəhər əhalisinin və turistlərin istirahətinin təşkili üçün park və xiyabanlarda təmizlik, səliqə səhman işlərinin daim aparıldığı diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, şəhərin prospekt və küçələri müasir memarlıq üslubunda yenidən qurulmuş, yollara asfalt örtüklər döşənmiş, piyadalar üçün səkilər salınmışdır. Məruzə ətrafında şəhər 3 nömrəli tam orta məktəbin direktoru Ədilə Əliyeva, şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Natəvan Əfəndiyeva və Qəbələ Su-Kanal İdarəsinin rəisi Tamerlan Həsənov çıxış edərək 2017-ci ildə Qəbələ şəhərində görülən abadlıq və quruculuq işlərini yüksək qiymətləndirmişlər. Çıxış edənlər Qəbələnin sürətli inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Yığıncaqda iştirak edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət qurumları və yerli icra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat vermişdir. Natiq ölkə başçısı tərəfindən respublikanın hər bir guşəsinə olduğu kimi, Qəbələnin də inkişafına böyük diqqət və qayğı göstərildiyini, bu il rayonumuza 116 milyon manat investisiya qoyuluşu nəzərdə tutulduğunu, şəhərin su-kanalizasiya şəbəkələri tikintisinin, enerji təsərrüfatının yenidənqurulması, yeni bağça və mərkəzi xəstəxana binalarının inşası işlərinin başa çatdırılacağını və Ləki-Qəbələ dəmir yolunun çəkiləcəyini bildirmişdir. Abil Ağasəfov dövlət başçısının göstərdiyi diqqətin və qayğının bizdən daha yaxşı işləməyi tələb etdiyini və məsuliyyətimizi daha da artırdığını söyləmişdir. Sonda rayon icra hakimiyyətinin başçısının birinci müavini əmin olduğunu bildirmişdir ki, 2018-cı ildə Qəbələ şəhərində istər sosial-iqtisadi, istərsədə quruculuq, abadlıq işləri sahəsində daha geniş tədbirlər həyata keçiriləcəkdir. Hesabat yığıncağında müvafiq qərar layihəsi qəbul olunmuşdur.