Vilnüs şəhərində Azərbaycan xalq sənət əsərlərinin təqdimatı keçirilib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Litvanın Vilnüs şəhərində Azərbaycan xalq sənəti əsərlərinin təqdimatı keçirilib. Tədbirdə xalq sənəti əsərlərinin sərgisi təşkil olunub. Sərgidə, sənət əsərlərindən nümunələr – xalqımızın adət-ənənələrinin təsvir olunduğu kompozisiyalar, neftlə çəkilmiş rəsm əsərləri, musiqi alətləri, xalçalar, kəlağayı, suvenirlər və bir çox xüsusi əl işləri nümayiş etdirilib.
Tədbirdə Litvanın turizm və mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlarının nümayəndələri, mütəxəssisləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, kütləvi informasiya vasitələrinin əməkdaşları, Litvada işgüzar səfərdə olan Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Azərbaycan Xalq Cümhuriyyətinin və Litvanın dövlət müstəqilliyinin bərpasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirakçılara ölkəmizin mədəniyyəti və incəsənəti haqqında geniş məlumat verilib, son illər vüsətlə inkişaf edən Azərbaycanın turizm potensialından danışılıb. Tədbir çərçivəsində Qəbələ şəhərinin 2020-ci il üçün İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Turizm Paytaxtı seçilməsi ilə əlaqədar şəhər və bölgə haqqında videotəqdimat nümayiş etdirilib, bölgənin tarixi, mədəniyyəti və turizmi haqqında geniş məlumat verilib.
Konsert proqramı ilə davam edən tədbirdə Litvanın tanınmış müğənnilərindən olan Litva İncəsənət və Musiqi Akademiyasının dosenti Yudita Leitaite Azərbaycan və Litva mahnılarını səsləndirib, birbinə Litva xalq musiqi alətinin mahir ifaçısı Nikodemas Vaineikis və Paulina Daukşite skripkada Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin, Fikrət Əmirovun əsərlərindən parçalar ifa ediblər.
Tədbir iştirakçılarına və qonaqlara Azərbaycan təamları müxtəlif növ şirniyyatlar və şərablar təqdim olunub.