Səyyar görüş-qəbul keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayevin Həmzəli kəndində sakinlərlə səyyar görüş-qəbulu keçirilmişdir. Görüş-qəbulda həmçinin rayonun hüquq mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri də iştirak etmişdir. Tədbirdə RİH-nin başçısı Səbuhi Abdullayev son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyini, əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində ölkəmizdə əhalinin həyat səviyyəsinin gündən-günə yaxşılaşdığını diqqətə çatdırmışdır. Səbuhi Abdullayev qəbul olunan dövlət proqramlarının icrası nəticəsində bütün regionlarda, o cümlədən Qəbələdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, gündən-günə dəyişən, gözəlləşən rayonumuzda yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilir, yollar salınır. Əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sonra vətəndaşlar dinlənildi. Kənd sakinlərindən Əmir Cəfərov, Nuranə Muradova və başqaları Qəbələdə son illər aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışaraq, ərazilərin qazlaşdırılması, kənd yollarının asfaltlaşdırılması, yeni məktəblərin, səhiyyə binalarının, uşaq bağçalarının və digər sosial obyektlərin tikintisinə göstərdiyi qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev vətəndaşlar tərəfindən qaldırılan məsələlər, verilən təkliflərlə əlaqədar aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.