Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ məktəbliləri tur-aksiya çərçivəsində respublikamızın qərb bölgəsi ilə yaxından tanış olacaqlar.

26 mart 2018 | 16:00

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində martın 26-da Qəbələ rayon məktəblilərinin Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına yola salınma mərasimi olub. Qəbələ şəhərində, Heydər Əliyev parkında təşkil olunan yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova ölkə rəhbərinin tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. Bununla birlikdə şagirdlər ölkəmizin hər bir regionunda iqtisadi-sosial sahədə əldə olunan nailiyyətlərlə, tikinti-abadlıq işləri ilə yaxından tanış olacaqlar. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Mərasimdə rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova çıxış edərək diqqətə çatdırıb ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin ölkəmizi yaxından tanıması, dünya görüşlərinin daha da zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Toplantıda Nohurqışlaq kənd tam orta məktəbin IX sinif şagirdi Məleykə Abışova çıxış edərək indiyədək respublikamızın bir çox bölgəsində olduğunu bildirib. “Bu tur-aksiyada isə şagird dostlarımla birgə ilk dəfədir ki, Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının təbiəti, görməli yerləri, tarixi məkanları və turizm obyektləri ilə tanış olacağam. Səfər zamanı ölkəmizin tarixi, adət-ənənələri, inkişafı barədə zəngin məlumatlar toplayacağıq. Bunun üçün tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”. Daha sonra 40 nəfər tur-aksiya iştirakçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. Maarifləndirici tur aksiyanın təşkil olunması üçün rayon icra hakimiyyəti tərəfindən qərargah yaradılıb. Rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimov qrupa rəhbər təyin olunub, şagirdlərə xüsusi geyimlər paylanılıb. Sonda tur-aksiyada iştirak edən şagirdlər onlar üçün ayrılmış xüsusi avtobusla Gəncə istiqamətinə yola düşüblər.

 

Foto qalereya

Keçidlər