Şəhidlərin xatirəsi anılıb.
Torpaqlarımızın bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə həlak olan Bum qəsəbəsi şəhidlərinin anım mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, təhsil şöbəsinin müdiri Arifə Bayramova, müvafiq idarələrin, təşkilatların rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları, şəhidlərin təhsil aldığı məktəbin müəllimləri və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə Aprel şəhidi leytenant Sahil Şirinovun məzarı ziyarət olunaraq üzərinə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Anım tədbirinin rəsmi hissəsi şəhidlərin təhsil aldığı Təbriz Yaqubov adına qəsəbə tam orta məktəbində davam etdirilib. Tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək Qarabağ uğrunda gedən döyüşlərdə erməni işğalçılarına Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin göstərdiyi şücaətdən danışıb. O, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazır olduğunu bildirib. Təhsil şöbəsinin müdiri Arifə Bayramova çıxışında son Aprel döyüşlərində düşmənin ordumuzun qüdrəti qarşısında aciz qaldığını və böyük itki verərək geri çəkildiyini qeyd edib. O, nitqində bu gün qələbə qazanmaq əzminə malik güclü Azərbaycan Ordusunun və əsgərlərinin erməni işğalçıları arasında vahimə yaratdığını, Azərbaycan xalqının öz torpaqlarını heç zaman onlara güzəştə getməyəcəyinə bir daha əmin olduqlarını deyib. Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının müdiri İmran Mustafayev, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu Rüfət Əhmədov, Qızıl Aypara Cəmiyyəti Qəbələ Rayon Təşkilatının sədri Sədaqət Bayramova, “Qəbələ” qəzetinin redaktoru Varis Yaqubov, Bum qəsəbə tam orta məktəbinin direktoru Məlahət Dadaşova, şəhidlərin müəllimləri, ailə üzvləri və digərləri çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirələri daim qəlbimizdə yaşayacaqdır. Sonda məktəblilərin qəsəbə şəhidlərinə həsr etdikləri ədəbi-bədii kompozisiya nümayiş etdirilib.