“Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda tədbir keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komisiyasının İşçi Qrupu ilə birgə “Narkotiklər haqqında həqiqəti öyrənək” adlı tədbir keçirib. Tədbirdə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, gənclər, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov açaraq narkomaniyanın böyük bir bəla olmasından, ailələrə gətirdiyi bədbəxtliklərdən, bu dəhşətli bəlaya qarşı mubarizə sahəsində rayonda görülən işlərdən danışıb. Sonra mövzu ilə bağlı Azərbaycan Respublikası Narkomaniya və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyası İşçi Qrupunun üzvləri Vasif Quliyev və Eldar Sadıqov çıxış edib. Onlar respublikamızda narkomaniyaya qarşı mübarizənin gündən–günə artmasına baxmayaraq, narkomanların sayının da bu mübarizə ilə bərabər artdığını, narkotik vasitə istifadəçilərinin çoxunu gənclər təşkil etdiyini bildirib. Narkotikdən istifadənin ailələrin dağılmasına, cinayətkarlığa, cəmiyətin digər böyük bəlası olan QİÇS xəstəliyinə gətirib çıxardığını deyən Vasif Quliyev psixotrop maddələrin insanlarda həm də asılılıq yaratdığını, narkomanın isə narkotik vasitəni almağa pulu olmadıqda hər cür vasitəyə - oğurluğa, adam öldürməyə və digər cinayətlərə əl atdığını diqqətə çatdırıb. Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov, turizm və otelçilik üzrə peşə tədris mərkəzinin direktoru Eyvaz Kazımov, şəhər 5 nömrəli məktəbin direktoru Zərnişan Ağakişiyeva və digərləri çıxış edərək narkotik vasitələrə və psixotrop maddələrə aludəçiliyinə qarşı mübarizədə hamını fəal olmağa, cəmiyyəti bu bəladan qorumaq üçün adamlar arasında maarifləndirmə işlərini gücləndirməyə səsləyiblər.