Akademik Zərifə xanım Əliyevanın 95 illiyi qeyd olunub.
Qəbələ Diaqnostika Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyi qeyd olunub, alimin mənalı həyat yolu, tibb sahəsinə verdiyi mühüm töhfələrdən danışılıb. Tədbirdə mərkəzin baş həkimi Ceyhun Əhmədov akademik Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında geniş məlumat verib, həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda tibb elminin inkişafına güclü təsir göstərdiyini söyləyib. Mərkəzin həkimi Şahanə Pənahova görkəmli alimin elmi fəaliyyətinə dair məruzə edib. Həkim Səbinə Məmmədova Zərifə xanımın bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına həsr etdiyini, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparan görkəmli alimdən zəngin elmi irs qaldığını qeyd edib. Mərkəzi xəstəxananın baş həkimi Sabir Bayramov Zərifə Əliyevanın istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, qayğıkeş və xeyirxah qadın olduğunu, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin vəfalı həyat yoldaşı olduğunu bildirib. Tədbirdə iştirak edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova həyatının mənasını nəcib, xeyirxah əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş zəngin mənəviyyat sahibi olan və gördükləri işlərlə təkcə yaxın çevrəsinin - dostlarının, yaxınlarının deyil, el-obasının sevimlisinə çevrilərək bütövlükdə cəmiyyətin tükənməz rəğbətini qazanan Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla, rəğbətlə anılacağını diqqətə çatdırıb.