Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri yarışlarının səngər stend üzrə qalibləri məlum olub.
“Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə rayonun Bum qəsəbəsində Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri yarışlarının səngər stend yarışlarının final mərhələsi keçirilib. Kişilərin yarışında tanınmış stend atıcısı, rusiyalı olimpiya çempionu Aleksey Alipov 47 xalla qızıl, Azərbaycan idmançısı Tamerlan Məmmədov 46 xalla gümüş, Rusiya atıcısı Aleksey Quliayev 36 xalla bürünc medal qazanıb. Bu yarışda Əli Hüseynli 5-ci yeri tutub. Qadınların yarışında isə rusiyalı Nataliya Zvaqinseva birinci, Azərbaycan atıcısı Aydan Camalova ikinci, Ukrayna atıcısı Alyona Axotska üçüncü yeri tutub. Gənclərin final yarışında isə Azərbaycan idmançıları digər ölkələrdən olan rəqiblərini üstələyiblər. Belə ki, Sabir Mehdizadə birinci, Mirmömin Ağazadə ikinci, Vaqif Məmmədov üçüncü yeri tutub. Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. İdmançılara medalları Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova təqdim edib. Yarışlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, BƏƏ və Bəhreyndən 70 idmançı iştirak edir. Azərbaycan bu mötəbər yarışda 26 idmançı ilə təmsil olunur.