Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində keçirilən stend atıcılığı üzrə IV Beynəlxalq Qran-Pri yarışları başa çatıb.

13 may 2018 | 04:00

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində keçirilən stend atıcılığı üzrə IV Beynəlxalq Qran-Pri yarışları başa çatıb. Mayın 12-də dairəvi stend yarışlarının təsnifat mərhələsi və finalı keçirilib. Bu yarışda 9 ölkədən 35 idmançı tüfəngdən 125 hədəfə atəş açıb. Qadınlar, kişilər və gənclər arasında keçirilən yarışların hər birində yüksək xal toplayan 6 atıcı finalda iştirak etmək hüququ qazanıb. Bu mərhələdə isə idmançılar 60 hədəfə atəş açıblar. Finalda qadınlardan Nurlana Cəfərova 53 xalla qızıl, Regina Meftahətdinova 49 xalla gümüş, 8 qat dünya çempionu olan rusiyalı Svetlana Domina 46 xalla bürünc medal qazanıb. Kişilərin yarışında Bəhreyn atıcısı Hasan Muhammed 57 xalla birinci, Gürcüstan təmsilçisi Vladimir Narçinaşvili 54 xalla ikinci, Azərbaycan idmançısı Emin Cəfərov 45 xalla üçüncü yeri tutub. Gənclər arasında Gürcüstan idmançısı Levan Kapanadze 98 xalla birinci, Azərbaycan idmançıları Cavid Həsənov 97 xalla ikinci, Fəqan Namazov 88 xalla üçüncü yeri tutub. Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının birinci vitse-prezidenti Hafiz Cəfərov, “Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov, Gənclər və İdman Nazirliyinin məsul işçisi Ülviyyə Hacıyeva təqdim edib. “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən 70 idmançı iştirak edib. Azərbaycan bu mötəbər yarışda 26 idmançı ilə təmsil olunub. Mayın 8-dən 12-dək davam edən bu mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan idmançıları, ümumilikdə, 2 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıblar. Məlumat üçün bildirək ki, ötən gün kişilər arasında səngər stend yarışlarında rusiyalı Aleksey Alipov 47 xalla qızıl, Azərbaycan idmançısı Tamerlan Məmmədov 46 xalla gümüş, Rusiya atıcısı Aleksey Quliayev 36 xalla bürünc medal qazanmışdı. Qadınların yarışında isə rusiyalı Nataliya Zvaqinseva birinci, Azərbaycan atıcısı Aydan Camalova ikinci, Ukrayna atıcısı Alyona Axotska üçüncü yeri tutub. Gənclərin yarışında isə Azərbaycan idmançıları Sabir Mehdizadə birinci, Mirmömin Ağazadə ikinci, Vaqif Məmmədov üçüncü yeri tutub.

Keçidlər