Qəbələ rayonunda əmək yarmarkası keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon məşğulluq mərkəzinin birgə təşkilatçılığı ilə 16 may 2018-ci il tarixdə işsiz və iş axtaran vətəndaşların səmərəli məşğulluğunu təmin etmək məqsədilə növbəti əmək yarmarkası keçirilib. Yarmarkanı giriş sözü ilə açan məşğulluq mərkəzinin direktoru Elxan Səlimov ölkə Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının davamlı inkişafından danışıb. Elxan Səlimov bildirib ki, ölkənin davamlı inkişafının təmin olunması məqsədi ilə həyata keçirilən mühüm dövlət proqramları nəticəsində makroiqtisadi göstəricilər ilbəil artır, böyük infrastruktur layihələr icra olunur. Respublikanın bütün bölgələrində, o cümlədən rayonumuzda yeni yaradılan iş yerlərinin sayı durmadan artır. Bütün bunlar təbii ki, əhalinin məşğulluq imkanlarının artmasına xidmət edir. Rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxış edərək əmək yarmarkasının keçirilməsinin əhəmiyyətindən, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin işlə təmin edilməsi, yoxsulluğun aradan qaldırılması sahəsində qarşıya qoyduğu vəzifələrdən danışıb. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Azad Məmmədov mərkəzin məzunlarının işlə təmin olunması üçün görülən tədbirlərdən söz açıb. Sonra yarmarkanın işinə start verilib və işaxtaranlara göndəriş vərəqələrinin verilməsinə başlanılıb. Yarmarkaya hazırlıq dövründə aparılan genişmiqyaslı təşkilati işlərin, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri nəticəsində bu mühüm məşğulluq tədbirində işəgötürənlərin, işsiz və işaxtaran vətəndaşların fəal iştirakı təmin edilib. Belə ki, görülən işlərin nəticəsi olaraq rayon ərazisində fəaliyyət göstərən 34 müəssisə və təşkilat 210 boş iş yeri ilə yarmarkada iştirak edib. Yarmarkada iştirak edən 360 nəfər işaxtaran vətəndaşdan 75 nəfərinə münasib işlərə göndəriş verilmişdir. Tədbir günün ikinci yarsına qədər davam edib.