Turizmin inkişafı diqqət mərkəzində saxlanılır.
Rayonun otel və istirahət mərkəzləri yay turizm mövsümünün başlanması ilə əlaqədar müştərilərin məmnun qalması üçün daha sərfəli qiymətə yüksək və keyfiyyətli xidmət göstərirlər. Turistlərin istirahətinin mənalı təşkili üçün rayondakı istirahət və əyləncə mərkəzlərində yüksək şərait yaradılıb. Hazırda Qəbələnin irili -xırdalı 100-ə yaxın turizm obyektində gün ərzində 4500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə yemək və otel xidməti göstərmək mümkündür. Ölkəmizdə yay turizm mövsümünün başlanması ilə əlaqədar Qəbələ rayonundakı istirahət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərə görə qiymətlər xeyli ucuzlaşıb. İstirahət mərkəzlərində qonaqlara müasir otel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropanın ləziz yeməkləri təklif olunur. Beş ulduzlu otellər və istirahət mərkəzlərinin əksəriyyəti qonaqlara kanatla dağ gəzintisi, güllə atıcılığı, meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir. Qəbələdə turistlərin ən çox üz tutduğu yerlərdən biri olan “Qəbələnd” istirahət və əyləncə mərkəzində və “Tufandağ” Yay-Qış Turizm İstirahət Kompleksində də qiymətlərə endirimlər edilib. Bu ilin yanvarın 1-dən mayın 15-dək rayona 90 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Qəbələyə gələn turistlərin təxminən 50 min nəfərdən çoxu əcnəbilərdi. Həmçinin ötən il Qəbələyə 242 min 125 nəfər turist gəlib. Bunun da 101 min 650 nəfəri yerli, 140 min 160 nəfəri əcnəbi turistlərdi. Qəbələyə gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, İraq, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Pakistan və Misirdən olub.