Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib.
Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə giriş sözü ilə çıxış edən Təhsil Mərkəzinin direktoru Azad Məmmədov 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib. 1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olduğunu vurğulayan Azad Məmmədov Ümummilli Lider Heydər Əliyevin 3 rəngli bayrağımızı yenidən dalğalandıraraq Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühüm addım atdığını diqqətə çatdırıb. Xalq Cümhuriyyəti zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələrinin Ümummilli Liderin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirildiyini və 20-ci əsrin sonlarında ölkəmizin beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapdığını vurğulayıb. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncam imzaladığını və bu sərəncamın dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsi olduğunu bildirib. Daha sonra çıxış edən mərkəzin direktor müavini Camal Rəsulov Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti barədə, GÇH rəhbəri Bəxtiyar Qasımov Xalq Cümhuriyyətində ordu quruculuğu barədə tədbir iştirakçılarına məlumat verdilər. Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.