“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi”nə həsr edilmiş “Bilik” yarışı keçirilmişdir.
Gənclər və idman idarəsinin təşkilatçılığı və təhsil şöbəsinin iştirakı ilə 25 may 2018-ci il tarixdə Qəbələ şəhər 4 saylı tam orta məktəbin akt zalında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi”nə həsr edilmiş məktəblilər arasında “Bilik” yarışının final mərhələsi keçirilmişdir. Yarışın əsasnaməsinə uyğun olaraq “Bilik” yarışında tam orta məktəblərinin IX-XI sinif şagirdləri komanda şəklində iştirak etmişdir. Bilik yarışı Azərbaycan dili - ədəbiyyat, tarix, riyaziyyat-həndəsə, coğrafiya, fizika, biologiya, kimya fənləri üzrə keçirilmişdir. Münsiflər heyəti tərəfindən suallar hazırlanaraq yazılı şəkildə komandalara təqdim edilmiş və komandanın üzvlərindən biri yazılı şəkildə sualı cavablandırmışdır. Qaliblərin mükafatlanma mərasimində Gənclər və İdman idarəsinin baş məsləhətçisi, Təhsil şöbəsinin metodisti Rasim Bayramov, münsiflər heyətinin sədri Aslan Şirazov çıxış edərək 28 May Respublika günü münasibətilə iştirakçıları təbrik etmişlər. Çıxış edənlər bildirmişlər ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalamışdır. Natiqlər eyni zamanda yarışın keçirilməsində məqsədin yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək və eyni zamanda şagirdlər arasında intellektual səviyyəni yüksəltmək, onların bilik və bacarıqlarını artırmaqdan ibarət olduğunu bildirdilər. Toplanmış xalların nəticəsinə görə Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası I yerə, Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası II yerə və Zarağan kənd 1 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşdür. Yarışın yekununda qalib gəlmiş (I, II, III yerləri tutmuş) və fərqlənmiş komandalara diplom, kubok və xatirə hədiyyələri təqdim olunmuşdur.