Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Qəbələ Rayon İcra Hakimiyyəti və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə iyunun 21-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyət dövründə multikulturalizm və dini etiqad azadlığı” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, RİH başçısının müavini Ətayə Osmanova 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilməsi barədə Prezident Sərəncamının icrası ilə bağlı rayonda geniş miqyaslı ideya-siyasi, maarifləndirmə tədbirlərinin həyata keçirildiyini bildirib. Ətayə Osmanova “Dəyirmi masa”nın maraqlı mövzuya həsr olunduğunu və tədbir iştirakçılarının da açıq fikir mübadiləsinə fəal qoşulacağına əminliyini vurğulayıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, BDU-nun müəllimi, tarix elmləri doktoru, professor Məhəbbət Paşayevanın “Cümhuriyyət Parlamentində multikulturalizm”, Alban-udi xristian icmasının sədri Robert Mobilinin “Cümhuriyyət Hökumətində din və dini etiqad azadlığı”, Bilik Fondunun Qəbələ rayonu üzrə nümayəndəsi, 2 №-li şəhər tam orta məktəbin direktoru Təranə Səlimovanın “Müasir Qəbələnin multikultural mənzərəsi” mövzularda məruzələrindən sonra rayon ziyalılarının iştirakı ilə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, 23 ay ömür sürmüş Cümhuriyyə Hökumətində “Himayədarlıq və dini etiqad”, sonra isə “Maarif və dini etiqad” nazirlikləri fəaliyyət göstərib. Parlamentdə din, millətlər məsələsi dəfələrlə müzakirə olunub, bir çox dövlətlərdə mövcud olmayan sivil qərarlar qəbul edilib, bütün dövlətlərlə açıq münasibət qurmağa səy göstərilib. ABŞ, Böyük Britaniya, İtaliya, Belçika, İran, İsveç, Polşa, Finlandiya, Yunanıstan, Danimarka və digər ölkələrin Bakıda diplomatik nümayəndəlikləri açılıb. Parlamentdə dini mənsubiyyətindən asılı olmayaraq, ölkədə yaşayan əksər xalqların - erməni, gürcü, polyak, yəhudilərin təmsil edilməsinə imkan yaradılıb, onlar üçün deputat yeri ayrılıb. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etsə də, dövlət idarələrində müəyyən müddət ərzində rus dilinin işlənməsinə də icazə verilib, Parlamentdə digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri də məqbul hesab edilib. Çıxışlarda müasir Azərbaycanın dünyaya multikultural, tolerantlıq örnəyi olduğu da faktlarla diqqətə çatdırılıb. Qəbələnin bu cəhtdən örnək olduğu qeyd edilib. Dünyada xristian udilərin birgə yaşadığı, dilini, dini etiqadını qoruyub saxladığı yeganə məkanın Qəbələdə olduğu qeyd olunub. Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla Fondun yarandığı ilk günlərdən Qəbələ Rayon İcra Hakimiyyəti və Alban-Udi Xristian dini icması ilə sıx əməkdaşlığın qurulduğunu, yaddaqalan maarifləndirmə tədbirlərinin həyata keçirildiyini, Nicdə udi gənclər üçün Azərbaycan dili kursunun fəaliyyət göstərdiyini xatırladıb. Fondun təşkilatçılığı ilə keçirilmiş “Cümhuriyyət tariximiz-qürurumuzdur” respublika bilik müsabiqəsində qalib gələn Qəbələ məktəbliləri Lalə Ağayeva, Ayşən Kərimli və Ayşən Qurbanovaya Bilik Fondunun sertifikatları təqdim olunub.