Qəbələdə beynəlxalq yarışa və ümumrespublika birinciliyinə start verilmişdir.
Qəbələ şəhərində “Gənc xilasedici” VI Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VII Ümumrespublika birinciliyinin final mərhələsinə start verilmişdir. Tədbirlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilir. Tədbir iştirakçıları iyunun 24-də Bakı şəhərində Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar. Sonra Şəhidlər Xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarları ziyarət edilmişdir.İyunun 25-də Qəbələ şəhərində “Gənc xilasedici” VI Beynəlxalq yarışının və “Gənc xilasedici və yanğınsöndürən” VII Ümumrespublika birinciliyinin açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə təşkil olunmuş yarışların əhəmiyyətini vurğulayaraq belə müsabiqələrin keçirilməsinin vacibliyindən danışmış, tədbir iştiarkçılarına uğurlar arzulamışdır. FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva qeyd etmişdir ki, bu cür yarışlar yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələrin əldə etməsində mühüm rol oynayır. Sonra yarışlara start verilmişdir. Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyi artıq 7-ci dəfədir ki, təşkil olunur və bu yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə 3 mərhələdə - rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyində 10 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar. “Gənc xilasedici” VI Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Pakistan, Gürcüstan, Rumıniya və Qazaxıstan respublikalarının komandaları qüvvələrini sınayacaqlar. Moldova Respublikasının nümayəndə heyəti isə yarışları qonaq qismində izləyəcəkdir. Yarışlar iyulun 1-nə kimi davam edəcəkdir.