Qəbələ gəncləri hərbi xidmətə yola düşüblər.
İyulun 10-da gənclərin hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, RİH başçısı aparatının məsul işçiləri, hüquqmühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, çağırışçıların valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Mərasimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik İlqar Əliyev açıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıb. Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğunun bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirldiyini, onun bu mühüm sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində hazırda Milli Ordumuzun regionun ən güclü və qüdrətli ordusuna çevrildiyini diqqətə çatdırıb. Təntənəli mərasimdə rayon ağsaqqallar şurasının sədri Nazim Mustafayev, Qarabağ müharibəsi veteranı Rövşən Kazımov, hərbi çağırışçı Fərahim Abdullayev və digərləri çıxış edərək gənclərə bu şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıblar. Tədbir başa çatdıqdan sonra çağırışçı gənclər Azərbaycan bayrağı qarşısında baş əyərək böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıblar.