İsrailli pianoçular virtuoz ifaları ilə Qəbələ festivalının proqramına xüsusi ahəng qatıblar.
X Qəbələ Beynəlxalq Musiqi Festivalı dördüncü gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını bir-birindən maraqlı konsert proqramları ilə sevindirməkdə davam edir.Festival çərçivəsində avqustun 2-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında israilli musiqiçilərin iştirakı ilə “Multipiano” musiqisi axşamı təşkil olunub. Konsertin əvvəlində məlumat verilib ki, “Multipiano” İsrailin dörd virtuoz pianoçusunu birləşdirən özünəməxsus piano layihəsidir. 2015-ci ildə “Multipiano” İsrailin Mədəniyyət Nazirliyi tərəfindən “Ən yaxşı israilli ansambl” mükafatına layiq görülüb. “Multipiano” 2010-2011-ci illərdə Tel-Əviv Universiteti ilə İsrail Filarmonik Orkestrinin ortaq layihəsi olan Buhmann-Mehta Musiqi Məktəbinin nəzdində fəaliyyətə başlayıb. İsrailin üç ən parlaq gənc pianoçusunun və onların rəhbəri – ölkənin ən görkəmli musiqiçilərindən biri Tomer Levin iştirak etdiyi “Multipiano” layihəsi fəaliyyətinin ilk illərindən beynəlxalq əks-sədaya səbəb olub. Musiqi axşamında V.A.Motsartın “Largetto” və “Alleqro”, D.Şostakoviçin “Konsertino”, S.Raxmaninovun “Romans” və “Vals”, B.Smetananın “Sonata” və digər Avropa bəstəkarlarının əsərləri səsləndirilib.İsrailli musiqiçilər Tomer Lev, Berenika Qliksman, Almoq Seqal, Ayal Peleq Pelk və Nimrod Natanel Meiry-Haftelin ifaçılıq məharəti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.