Rayonun Mirzəbəyli kəndində səyyar görüş-qəbul keçirilib.
Avqustun 3-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Mirzəbəyli kənd sakinləri ilə görüş-qəbulu keçirilib. Görüşdə Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Görüşü Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq son illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlərin icmalını verib. RİH başçısı qeyd edib ki, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir. Ölkə başçısı tərəfindən özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasıdır. Səbuhi Abdullayev son illər Mirzəbəyli kəndində də xeyli quruculuq işlərinin aparıldığını qeyd edərək bildirib ki, digər kəndlərimiz kimi Mirzəbəyliyə də qaz xətti, asfalt yol çəkilib, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılıb. Yaşayış məntəsinin daxili yollarının hamarlanması, kəndin mərkəzindən keçən çayın yatağının qum-çınqıldan təmizlənərək qaydaya salınması və sahilbərkitmə işləri ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. RİH başçısı qeyd edib ki, ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin. Bunun nəticəsidir ki, bizim şəhərimizdə, qəsəbə və kəndlərimizdə də belə uğurlu nəticələr özünü göstərir. Sonra rayonun xidmət təşkilatları rəhbərlərinin ərazidə gördükləri işlərə dair hesabatları dinlənilib. Səyyar qəbulda iştirak edən kənd sakinləri onlara göstərilən qayğıya görə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar son illər rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən Mirzəbəyli kəndinin də qıraqda qalmadığını diqqətə çatdırıblar. Çıxış edən kənd sakinləri məktəb binasının əsaslı təmir olunmasına, içməli və suvarma suyunun təminatının daha da yaxşılaşdırılmasına, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər. Görüşdə sakinlər tərəfindən verilən təkliflərin və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib. Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev də sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləmiş, onların həlli istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımı köməklik göstəriləcəyini bildirmişdir.