Qəbələ Beynəlxalq Musiqi Festivalının səhnəsində Azərbaycanın və Macarıstanın virtuoz musiqiçiləri çıxış ediblər.
X Qəbələ Beynəlxalq Musiqi Festivalı beşinci gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir. Festival çərçivəsində avqustun 3-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Musiqisevərlərin qarşısında bu dəfə Macarıstandan gəlmiş “Budapeşt Gypsy Band” və Azərbaycanın “Qaytağı” instrumental ansamblları çıxış edib. “Budapeşt Gypsy Band” musiqi qrupunun üzvləri Karoli Vadaj (simbal), Peter Berki və Noel Budai (violin), Lasio Onedi (viola), Bela Boben (kontrabas), Şaba Lukaç (klarnet) Macarıstanda yaxşı tanınan musiqiçilərdir. Kollektivin üzvləri nüfuzlu orkestrlərin tərkibində dünyanın bir çox ölkələrinin konsert salonlarında çıxış ediblər. Konsertdə Azərbaycanın Xalq artisti, virtuoz qarmon ifaçısı Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının çıxışı da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İfaçını pianoda bir çox beynəlxalq müsabiqə və festivalların qalibi Emil Əfrasiyab müşayiət edib.