“Clarte” klarnet kvarteti Qəbələ səhnəsində.
X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 4-də Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə daha bir konsert proqramı təqdim edilib. Kamera musiqisi həvəskarlarının budəfəki qonağı “Clarte” klarnet kvarteti olub. Kollektiv 2016-cı ildə Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə yaradılıb. Kvartetin bədii rəhbəri Anar Məmmədovdur. Tərkibinə istedadlı klarnet ifaçıları Məmməd Rəcəbli, Şərif və Emil Bağırovların daxil olduğu kvartet yarandığı gündən bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb. Konsertdə A.Ponçiellinin “İl Conveğno”, İ.Kohanın “Konzertstück a la feidman”, Ü.Hacıbəylinin “Sənsiz”, H.Stalpersin “Clovnery for ciarinets”, İ.Ştrausun “Perpetuum Mobile”, T.Quliyevin “Sən mənimsən, mən sənin”, “Zibeydə”, G.Feidmanın “Kiezmer Freilach”, M.Ceksonun “Billie Yean”, İ.Volantenin “American feeling” əsərləri səsləndirilib. Kvarteti pianoda Aslan Aslanov, Ceyhun Əliyev, zərb alətlərində Ramiz Sevdiməliyev müşayiət ediblər.