Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ festivalında Yerusəlim Simfonik Orkestrinin konserti böyük maraqla qarşılanıb.

06 avqust 2018 | 04:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq altıncı gündür tamaşaçıları bir-birindən maraqlı konsert proqramları ilə sevindirir. İyulun 30-da başlayan festivalda Azərbaycanın tanınmış musiqi kollektivləri, həmçinin xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, kamera və simfonik orkestrlər, solistlər və dirijorlar iştirak edirlər. Festivalın proqramına uyğun olaraq, avqustun 4-də axşam Qəbələ Rayon Mədəniyyət Mərkəzində İsrailin dünya şöhrətli Yerusəlim Simfonik Orkestrinin konserti olub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər. Məlumat verilib ki, orkestr 1930-cu ildə Fələstin radiosunun nəzdində yaradılıb. 1970-ci ildən kollektiv Yerusəlim Simfonik Orkestri adlandırılır. Yarandığı vaxtdan orkestrə Mendi Rodan, Lukas Foss, Qari Bertini, Laurens Foster və David Şallon kimi məşhur simalar rəhbərlik edib. Orkestrin hazırki musiqi direktoru Maestro Frederik Çaslindir. Kollektiv bir sıra görkəmli dirijorlarla əməkdaşlıq edir. Yerusəlim Simfonik Orkestrinin repertuarında klassik dövrlərin və müasir bəstəkarların müxtəlif səpkili əsərləri yer alıb. Sofiya Qubaydulina, Henri Dutilleuks, Alfred Şnittke və digər tanınmış bəstəkarların əsərlərini ilk dəfə məhz Yerusəlim Simfonik Orkestri ifa edib. Kollektivin uğurlu fəaliyyəti İsrail bəstəkarlarını da yeni əsərlər bəstələməyə sövq edir. Onilliklər ərzində musiqi dünyasının əfsanəvi musiqiçilərinin – İqor Stravinski, Artur Rubinşteyn, Otto Klemperer, Yehudi Menuhin, Mstislav Rostropoviç, İsaak Stern, Pablo Kazals və onlarla digər məşhurların bu orkestrlə yaddaqalan çıxışları olub. Orkestrin ən möhtəşəm premyeralarından Milhaudun “David” operasını (1954), dirijor Robert Qraftın rəhbərliyi ilə Stravinskinin “Abraham və İsaak” kantatasını (1964), Yerusəlimim 3 min illik yubiley təntənələri üçün sifariş verilən K.Penderetskinin “Yerusəlimin yeddi qarısı” əsərini (1999) xüsusi qeyd etmək olar. Orkestr hər il müxtəlif beynəlxalq festivallarda çıxış edir. İsrailin Mədəniyyət və İdman Nazirliyi və Qüds bələdiyyəsi tərəfindən dəstəklənən bu kollektiv Avropanın və Amerikanın bir çox şəhərlərində qastrol səfərlərində olub, dünyanın ən məşhur konsert salonlarında çıxış edib. Qəbələ festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli musiqiçi Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsertdə S.Raxmaninov, K.Sen-Sans və V.A.Motsarın əsərləri səsləndirilib. Solistlər Səidə Tağızadə (piano), Aleksey Miltix (violençel) və Eduard Vulsfsonun (violin) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Festivalın ötən günlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin, Azərbaycan Dövlət Simfonik Orkestrinin, Kubanın “Jovanes Clasicos Del Son” qrupunun, İsrailin virtuoz pianoçularının, “Muğam” instrumental ansamblının müşayiəti ilə Azərbaycanın gənc muğam ifaçılarının, Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestrinin, Xalq artisti, virtuoz qarmon ifaçısı Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının, Macarıstandan gəlmiş “Budapeşt Gypsy Band” musiqi qrupunun konsertləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Keçidlər