Qəbələ festivalında dahi bəstəkar Qara Qarayevin əsərləri səsləndirilib.
Uğurla davam edən X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 5-də axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunan kamera musiqisi axşamı təşkil edilib. Konsertdə dahi bəstəkarın “Simli kvartet üçün Kvartettino” (3 hissədə - “Sonatlina”, “Lay-lay” və “Marş”), “Violin və fortepiano üçün Sonata” və iki romansı səsləndirilib. Konsertin əvvəlində çıxış edən “Furioso” kvarteti 2011-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən yaradılıb. Akademiyanın ifaçılıq fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin rəhbərliyi altında yaradılan kvartet ifaçılıqda köhnəlmiş ənənələrdən imtina edərək, yeni üslub yaratmağa müvəffəq olub. Kvartetin üzvləri Səid Məmmədov (violin), Süleyman Babakişizadə (violin), Üzeyir Mahmudbəyli (viola) və Əsmər Kərimli (violençel) indiyədək bir neçə beynəlxalq festivalda iştirak ediblər. “Furioso” kvarteti Qara Qarayevin 100 illiyinə həsr olunan konsertdə bəstəkarın indiyədək nəşr və ifa olunmamış əsərini – simli kvartet üçün “Kvartettino”nu ilk dəfə ifa edib. Əsərin əlyazması 2017-ci ildə kvartetin üzvü S.Babakişizadənin təşəbbüsü ilə Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən çıxarılaraq nəşr olunub. Kamera musiqisi axşamında pianoçular Samirə Aşumova və Eldəniz Ələkbərzadənin, violin ifaçısı Anar Seyidovun, Adil Axundovun (tenor) ifaları da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.