Azərbaycan Udi ocağının açılış mərasimi keçirilmişdir.
Rayonun Nic qəsəbəsi dünyada udilərin kompakt şəkildə yaşadığı yeganə yaşayış məskənidir. Hazırda burada udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri mehriban qonşuluq, bir-birlərinin adət-ənənələrinə, mədəniyyətinə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yola, ölkə Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi udilərin də mədəniyyətinin adət və ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün böyük tədbirlər həyata keçirilir. Milli azlıqlara dövlət qayğısının nəticəsidir ki, Nic qəsəbəsindəki XIX əsrə aid “Çotari” Alban-udi xristian kilsəsi bərpa edilərək udilərin istifadəsinə verilmişdir. Avqustun 7-də Nicdə daha mühüm bir tədbir baş tutmuşdur. Həmin gün qəsəbədə Azərbaycan-Udi Ocağının açılış mərasimi olmuşdur. Mərasimi giriş sözü ilə Azərbaycan yazıçılar Birliyin üzvü, BDU-nun dosenti Elza Mollayeva açmışdır. Söz Qəbələ Rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayevə verilmişdir. Cənab Səbuhi Abdullayev ölkəmizdə azsaylı xalqlara göstərilən dövlət qayğısından, multkulturalizm dəyərlərinin qorunub saxlanılmasından, udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsinin sosial iqtisadi problemlərinin həlli üçün görülən tədbirlərdən söz açmış, Azərbaycan Udi Ocağının gənc nəslin tariximizi öyrənməsi və hörmət etməsi yönündə oynayacağı roldan danışmışdır. Respublika Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, BDU-nun tarix fakültəsinin dekanı Azad Rzayev, “Azərbaycan Dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov, Nic Udi-xristian dini icmasının rəhbəri Robert Mobili Azərbaycandakı dağ yahudiləri, dini icmasının, roma katolik kilsəsi Azərbaycan nümayəndəliyinin, provoslav kilsəsinin təmsilçiləri, iş adamı, Şahvələd Məmmədov və Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edərək Azərbaycan Udi Ocağının açılışını multkulturalizmin daha da inkişafı yolunda mühüm addım kimi qiymətləndirmişlər. Sonra tədbir iştirakçıları Azərbaycan-Udi Ocağında yaradılmış şəraitlə yaxından tanış olmuşlar.