Rayonun Yemişənli kəndində səyyar görüş-qəbul keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayevin növbəti görüş qəbulu avqustun 29-da rayonun Yemişənlı kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq mühafizə orqanları, əlaqədar xidmət, təhsil mədəni-maarif təşkilatlarının rəhbərləri iştirak etmişlər. Görüş iştirakçılarını salamlayan icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş quruculuq işləri, iqtisadi və sosial sahələrin sürətli inkişafını təmin edən genişmiqyaslı layihələr barədə ətraflı məlumat vermişdir. İcra hakimiyətinin başçısı bildirmişdir ki, Azərbaycanda gedən sürətli inkişafın bariz nümunəsini bu gün nəinki Qəbələ şəhərində hətta rayonumuzun qəsəbə və kəndlərində də görmək mümkündür. Qəbələnin şöhrəti artıq ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da yayılmışdır. Bu gün sizin yaşadığınız Yemişənlı kəndinə geniş müasir asfalt yol çəkilir. Yol isə bütün sahələrin inkişafı üçün əsas stimuldur. Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, rayon rəhbərliyinin yerlərdə əhali ilə görüşləri ənənə halını almışdır. Məqsəd odur ki, yerlərdəki vəziyyəti, əhalini narahat edən problem varsa onları öyrənək, vətəndaşların arzu və təkliflərini yerində dinləyək, problemlərin həllinə kömək göstərək. Sonra görüş-qəbulda iştirak edən kənd sakinləri dinlənilmişdir. Çıxış edənlər ölkədə və rayonda, o cümlədən Yemişənlı kəndində həyata keçirilən abadlıq quruculuq işlərinə görə ölkə Prezidentinə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Görüşdə çıxış edən kənd sakinlərindən Comərd Salehov, Ayaz Məmmədşərifov, Zamir Ağasiyev, Eldar Baxşıyev və başqaları kənddə elektrik xətlərinin təmirinə, əlavə subartezian quyusunun qazılmasına, kəndin suvarma suyu ilə təminatının yaxşılaşmasına və qazlaşmaya kömək göstərilməsini xahiş etmişlər. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həll olunmuş, vaxt tələb edən məsələlərlə əlaqədar aidiyyatı təşkilat rəhbərlərinə göstrəiş verilmişdir. Sonra rayon icra hakimiyyətinin başçısı səhiyyə, təhsil, yol tikintisi enerji və su təchizatı təşkilatlarının rəhbərlərinin bu sahələr üzrə kənddəki görülən işlərə dair məlumatlarını dinləmiş, görüləsi işlərin daha da sürətləndirilməsi və yaxşılaşdırılması üçün tədbirlər müəyyənləşdirilmişdir.