Rayonun Solquca kəndində səyyar görüş-qəbul keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin əhali ilə növbəti görüş-qəbulu oktyabrın 16-da rayonun Solquca kəndində keçirilmişdir. Görüş qəbulda rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Görüşdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ölkə Prezdenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən quruculuq-abadlıq işlərindən, iqtisadi və sosial sahədə əldə olunan uğurlardan danışmışdır. Vurğulanmışdır ki, ölkədə gedən geniş quruculuq işlərini Qəbələnin, o cümlədən Solquca kəndinin timsalında görmək mümkündür. Bildirilmişdir ki, son illər kənddə inzibati ərazi nümayəndəliyi yaradılmış, nümayəndəlik üçün yeni inzibati bina tikilmiş, kənd ibtidai məktəbi ümumi orta məktəbə çevrilmiş və bu təhsil müəssisəsinə müasir standartlara cavab verən məktəb binası inşa edilərək istifadəyə verilib. RİH başçısı qeyd etmişdir ki, bu ilin noyabr ayında ərazidə elektrik xətlərinin dəyişdirilməsinə və yeni transformatorların quraşdırılması işlərinə başlanacaq. Gələn il isə yaşayış məntəqəsinin sel sularından mühafizəsi məqsədi ilə Qaraçayın sağ sahilində sahilbərkimə tədbirləri həyata keçiriləcək, beton mühafizə bəndinin tikilməsi üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacaqdır. Sonra görüş-qəbulda iştirak edən kənd sakinləri dinlənilmişdir. Onlar son illər rayonda və kəndlərdə görülmüş böyük quruculuq işlərinə, və kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən qayğının artırılmasına görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər.Çıxış edən vətəndaşlar kənd ümumi orta məktəbinin tam orta məktəbə çevrilməsi, Solquca-Mıxlıqovaq yolundakı Qaraçay üzərində körpünün tikilməsi ilə bağlı təkliflər vermiş və digər fərdi xarakterli müraciətlər etmişlər. Görüş-qəbulda Səbuhi Abdullayev tərəfindən təklif və müraciətlərin qanunamüvafiq qaydada icra olunması üçün aidiyyəti vəzifəli şəxslərə zəruri tapşırıqlar verilmiş, bir qismi isə yerindəcə həll olunmuşdur.