Azərbaycançılıq əsas mənəvi dəyərimizdir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondu Qəbələ Rayon İcra Hakimiyyəti ilə birlikdə “Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar keçirmişdir. “Qafqaz Sport Hotel” də baş tutan tədbirə orta məktəblərin humanitar fənlərini tədris edən müəllimləri, din xadimləri, ictimaiyyətin nümayəndələri dəvət olunmuşlar. Seminarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayilov, Bakı Dövlət Universitetinin mənbəşünaslıq və tarixşünaslıq kafedrasının müdiri, professor Anar İskəndərov, Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev iştirak etmişlər. Tədbiri giriş nitqi ilə rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev açıb. Seminarın gündəliyindəki məsələnin aktuallığından bəhs edən Arif Allahverdiyev tədbirin Qəbələdə təşkilinə görə Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyinə təşəkkür etmişdir. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayilov Fondun yaranma tarixi və zərurətindən danışmışdır. Natiq bildirmişdir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə yaranmışdır. Fondun əsas vəzifəsi adından da göründüyü kimi mənəvi dəyərlərimizi təbliğ etməkdən ibarətdir. Bundan başqa fond xeyriyyəçilik missiyasını da yerinə yetirir. Mehman İsmayilov bildirmişdir ki, mənəvi dəyərlərimizin təbliğində əsas yeri Azərbaycançılıq ideyası durur. O, bildirmişdir ki, Azərbaycançılıq ideyasının rüşeymlərinin 100 il bundan öncə Azərbaycan xalq cumhuriyyəti dövründən yayılmasına cəhd göstərilsə də bu ideyanın əsas banisi Ulu öndər Heydər Əliyevdir. Heydər Əliyevin milli-mənəvi dəyərlərin inkişafı siyasətində Azərbaycançılıq əsas yer tuturdu. Bu ideya Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycançılıq siyasətinin uğurla inkişafının nəticəsidir ki, bu gün Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü bu ölkənin tam hüquqlu vətəndaşı sayır. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada ən tolerant ölkələr sırasındadır. Bakı Dövlət Universitetinin professoru Anar İskəndərov Azərbaycan ərazisində mövcud olan qədim dövlətlərdən biri Albaniyanın tarixini xatırlatmışdır. Bildirilmişdir ki, paytaxtı Qəbələdə yerləşən bu dövlətin tərkibində 20-dən artıq xalqın nümayəndəsi yaşamışdır. Professor Anar İskəndərov qeyd etmişdir ki, XIX əsrin ortalarından başlayaraq görkəmli Azərbaycan ziyalıları Azərbaycan, azərbaycanlı sözünü, Azərbaycan dilini dirçəltmək üçün böyük işlər görmüşlər Abasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə bu yolun yorulmaz yolçuları olmuşlar. 1875-ci ildə Azərbaycan dilində ilk mətbu nəşr olan “Əkinçi” qəzetinin buraxılmasına min bir əziyyətlər bahasına nail olan Həsən bəy Zərdabi isə həmin dövr Azərbaycan maarifçilərinin zirvəsində durur. Anar İskəndərov ölkəmizdə dövlət müstəqilliyi bərpa olunduqdan sonra, xüsusən 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycançılıq ideyasının təbliği və möhkəmləndirilməsi sahəsində görülən işlərdən və nəticələrindən geniş bəhs etmişdir. Toplantıda rayonun Zarağan kənd 2 saylı tam orta məktəbinin müəllimi Gülsəfa Ərzumanova mövzu ilə əlaqədar çıxış etmişdir. Seminarı rayon İcra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev yekunlaşdırmışdır.