Rayonun Dizaxlı kəndində səyyar görüş-qəbul keçirilib.
Noyabrın 6-da Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev növbəti dəfə rayonun Dizaxlı kəndində vətəndaşlarla görüşmüşdür. Görüş-qəbulda aidiyyəti idarə və müəssisələrin rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Görüşü giriş sözü ilə açan Səbuhi Abdullayev sosial-iqtisadi sahədə həyata keçirilən layihələrin nəticəsində bütün sahələrdə əsaslı dönüş yarandığını, ölkəmizdə əhalinin maddi rifahının yaxşılaşdırılması istiqamətində müntəzəm olaraq zəruri addımların atıldığını bildirmiş, rayonumuzda yeni məktəb binalarının tikildiyini, müasir tipli parkların salındığını, yolların asfaltlaşdırıldığını, qaz xətlərinin çəkildiyini, elektrik təsərrüfatında təmir işlərinin aparıldığını və digər abadlıq işlərinin görüldüyünu diqqətə çatdırmışdır. Natiq bütün bunların ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin səmərəli fəaliyyətinin nəticəsi olduğunu qeyd etmişdir. RİH başçısı son dövrdə Respublikamızın hər yerində olduğu kimi Qəbələ rayonunda, o cümlədən Dizaxlı kəndində aparılan quruculuq işlərindən də danışmış, ərazini rayon mərkəzi ilə birləşdirən Dizaxlı-Çarxana avtomobil yollunun asfaltlaşdırıldığını, kənd məktəbi, icra nümayənəliyi üçün yeni müasir tipli binaların tikilərək istifadəyə verildiyini və bütün bunların hamısının ürəkaçan olduğunu vurğulamışdır. Qəbələdə aqrar sektorun genişləndirilməsi və inkişafı üçün münbit şəraitin olduğunu qeyd edən RİH başçısı strateji əhəmiyyətə malik kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına əhalinin diqqətinin daha da gücləndirilməsinin vacibliyini bildirmişdir. Görüş-qəbulda iştirak edən kənd sakinləri rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərinə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə razılıqlarını ifadə etmiş, ölkə başçısının qəbələlilərə bəslədiyi münasibəti və diqqəti yüksək qiymətləndirmişlər. Çıxış edənlər həmçinin kənddə işıq dirəklərinin dəyişdirilməsi və yeni transformatorun quraşdırılması, Dizaxlı-Sarıhacılı yolunun asfaltlaşdırılması, yaşayış məntəqəsinin cənub hissəsinin suvarma suyu ilə təchiz edilməsi və inzibati ərazinin tərkibində olan Sarıhacılı kəndinə qaz xəttinin çəkilməsi barədə təkliflər irəli sürmüşlər. Rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev kənd sakinləri ilə keçirilən səmimi və işgüzar görüşdən məmnunluq duyduğunu bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.